Azərbaycan-Çin: Maraqların və hədəflərin uzlaşması
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri mühüm nəticələrlə yadda qalıb. Səfərin xarakterini və hazırki beynəlxalq fonu nəzərə alsaq, bu nəticələrin əhəmiyyətini daha yaxşı anlamaq mümkündür. Belə ki, ABŞ və Çin arasında tarif müharibəsinin getdiyi bir vaxtda Vaşinqton və Pekin arasında qarşıdurma tədricən güclənir, bu qarşıdurmanın səngimə əlamətləri isə görünmür.
Məhz belə bir məqamda Azərbaycan Prezidentinin Çin sədrinin dəvətilə bu ölkəyə dövlət səfəri etməsi Pekinin Bakı ilə əlaqələrə verdiyi önəm və xüsusi diqqəti aydın şəkildə göstərir. Bu səfər həm də dövlət başçımızın beynəlxalq arenadakı fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqmətində həyata keçirdiyi siyasətin uğurlu olmasının təsdiqidir.
İkitərəfli gündəm
Səfərin başlıca nəticəsi, heç şübhəsiz ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanla Çinin bu əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsidir. Bu o deməkdir ki, hər iki ölkə bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi görür. Tərəflər bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, bu çərçivədə Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyinə güclü dəstəyini ifadə edir.
Hərtərəfli strateji tərəfdaşlığın dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanması bu tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşımasının zəmanətidir. Təsadüfi deyil ki, son bir ildə hər iki tərəfi təmsil edən rəsmi strukturlardan və özəl sektordan çoxsaylı nümayəndə heyətləri Bakı və Pekinə səfərlər ediblər. Bu günə qədər imzalanmış sənədlər isə bərpa olunan enerjiyə investisiyalardan tutmuş texnologiyalaradək müxtəlif sahələri əhatə edir.
Azərbaycana nə lazımdır?
Əlbəttə ki, ilk növbədə investisiyalar və birgə istehsal imkanları, texnologiyalar və nəqliyyat marşrutları ilə daşınan yüklərin həcminin artırılması. İki ölkə arasında investisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılmasını, habelə Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişi məhz sadalanan istiqamətlərdə atılan addımlar kimi dəyərləndirmək olar. Ölkələrimiz arasında vizasız gediş-gəliş barədə razılaşma isə bir çox sahələrlə yanaşı elm, mədəniyyət və turizm üzrə əməkdaşlığı da təşviq edəcək.
Qeyd edək ki, bütün bu məsələlərə dair Çinlə danışıqlar aparmaq çox çətindir, çünki Pekinin ixraca və minimum idxala əsaslanan məntiqi var. Lakin dünya ticarətində mövcud vəziyyət və ABŞ-la qarşıdurma Çinin ənənəvi yanaşmalarına təsir edir. Çin sərhədindən Aİ məkanına gedən marşrutlarda Pekin üçün ən çox proqnozlaşdırılan ölkələr məhz bizim marşrutumuz üzərindədir: Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və İran.
Qlobal fon
Azərbaycan tarif müharibələrindən kənarındadır, heç bir münaqişə oxlarının iştirakçısı deyil, infrastrukturun birbaşa sahibidir. Bununla yanaşı, Azərbaycan Asiya istiqamətində fəaldır; Bakı ilə münasibətləri dərinləşən Mərkəzi Asiya ölkələri, Pakistan və müəyyən dərəcədə ərəb monarxiyaları Çinin strateji tərəfdaşlarıdır.
Şanxay Əməkdaşlıq Təşkilatı Çin üçün Asiyada təhlükəsizlik məsələlərini müzakirə etmək baxımından mühüm platformadır. Azərbaycan ŞƏT-də iştirak səviyyəsini artırır. Bununla yanaşı, Bakı Azərbaycanın Rusiya-Çin və İran-Çin formatında münasibətlərin kölgəsindən çıxmasına nail olub. Azərbaycan müstəqil vahiddir və Çinlə münasibətlər üçüncü dövlətlərlə münasibətlərlə şərtlənməməlidir.
Qlobal səviyyədə proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Çin güc mərkəzlərindən biri olaraq qalacaq və Pekinlə yüksək səviyyədə münasibətlərin mövcudluğu həm zəruri, həm də vacibdir.