BLOQ

Kinoda düşmənin qorxaq göstərilməsi düzgündür?

Məgər biz nizamsız ordulu, qorxaq, sərxoş ermənilərə qalib gəlmişik?

Kinoda düşmənin qorxaq göstərilməsi düzgündür?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Yəqin orta nəslin nümayəndələri "Qılınc və Qalxan" filmini xatırlayır. İlk dəfə idi ki, alman ordusunun əsgərləri nizam-intizamlı, dəmir xarakterli, vətənpərvər, yaraşıqlı göstərilirdi. Necə ola bilərdi ki, ölkənin 20-29 milyon sakinini qırsınlar, rejissor onları vəsf etsin. Və bu senzuradan necə keçə bilərdi? Dərin səbəbi vardı. Müharibədən sonra alman əsgərləri qorxaq kimi göstərilirdi. Lakin ortaya ağıllı baş çıxdı, yüksək analitik qabiliyyətə malik ideoloq atıldı ki, düşməni qorxaq, məzlum, bir şaqqıltıdan qaçıb gizlənən formada göstərmək olmaz. Yəni, qorxaq düşmən qısa müddət ərzində Avropanı diz çökdürə bilməzdi. Və ağıllı başların məsləhəti ilə faşistlər dəmir xarakterli əsgərlərə çevrildilər. Bunun sadə səbəbi vardı: Sovet əsgəri nizam-intizamlı, dəmir orduya qalib gəlib.

    Və bizdə bu barədə ciddi düşünmək lazımdır. Qarabağdan çəkilən əksər filmlərdə ermənilər sərxoş, qorxaq tipində göstərilir. Hələ sözünün əvvəli "ara", sonu "ara" ilə qurtaran hissələr lap bezdiricidir. Sanki erməniləri ancaq "ara" ilə tanıtmaq olar. Ortaya sual çıxır: Sabah birdən kimsə deməzmi ki, məgər biz nizamsız ordulu, qorxaq, sərxoş ermənilərə qalib gəlmişik? "Erməni qan görəndə qorxur" ifadəsini özümüzdə saxlayaq. Kinoda isə ciddi fikirləşmək gərəkdir.

    "Babək" filmində xəlifənin mirzəyə tapşırığı buna nümunə olmalıdır:

    " - Bütün dünyanın müsəlman hökmdarlarına Əmir-əl-mömünün müraciəti: Eşidin və agah olun ki, bir olan Allahın köməyi ilə cəhənnəm zəbanisi, Rum imperatorunun nəslindən olan Şimal hökmdarına qalib gəlmişik. Babək Xürrəmmini əsir və diz çökdürmüşük. Düz eşitmisən, qoca. Daha biz deyə bilmərik ki, 20 illik müharibədən sonra çarıqlı çobana, dünənki karvançıya, dinsizin birinə qalib gəlmişik".
    Yazıçı-publisist
    Azər Qismət