Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.
Bu gün İzzət Orucovanın vəfatından 40 il ötür.
İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.
İzzət Orucova o zaman 20 yaşında gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.
Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.
O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır və ömrünü elmə həsr edir.
İzzət Orucova Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. 1972-ci ildə onun akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.
Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. Dövrünün ən yüksək ordenlər və medalları ilə təltif edilib.
İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.