BLOQ

"Ölümdən güclü" "Məhəbbət əfsanəsi"

Azərbaycanın görkəmli bəstəkarı, 90 yaşlı Maestro Arif Məlikovu xatırlayırsınızmı?

"Ölümdən güclü" "Məhəbbət əfsanəsi"
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Arif Cahangir oğlu Məlikovun anadan olmasının 90 illiyi tamam oldu. Və ənənəvi olaraq lazımi səviyyədə qeyd olunmadı. İstedadının gücü və parlaqlığı hamı tərəfindən qəbul edilən bəstəkar... Onun musiqisi bütün qitələrdə, bütün ölkələrdə tanınır, sevilir və ifa olunur!

     Məlikovun əsərlərinə marağın oyanmasında onun məhz Xəzərin sahilində doğulması mühüm rol oynamışdı. Arif müəllim burada, fırtına yaradaraq nəhəng buludları hərəkətə gətirən güclü küləklər diyarında dahi Qara Qarayevin şagirdi olaraq konservatoriyanı bitirdi, burada, Xəzərin iri ləpələrinin burulğan yaradaraq bütün dünyaya meydan oxuyan məkanda yaradıcı inkişafı baş verdi, ona tanınma və şöhrət burada, qızmar günəşin nur saçdığı simləri, sədaları altında əriyən qırlı qara torpaqda gəldi. Biz bakılılar haqlı olaraq fəxr edirik ki, şeytanın min bir riyazi əməllərinə davam gətirərək, 13 sentyabr 1933-cü ildə şəhərimiz dahi şəxsiyyətin doğulduğu yerə çevrilib.

    Təbii və mədəni resurslarla bol Bakı mədənlərində Məlikovun musiqisi dərhal qəbul edilən və bəyənilənlərdən olmadı. Mən şəxsən “Nağıl” təəssüratı bağışlayan və “Azərbaycan”la bol  görkəmli simfoniyalar, “Məhəbbət əfsanəsi”nə bənzər və hətta “Ölümdən güclü” təsiri olan ecazkar balet və onun yaratdığı “Tənha ruh”a bənzər “Axırıncı aşırım” kimi baxılan filmlər üçün gözəl musiqilər kainatını yavaş-yavaş, illər keçdikcə kəşf etdim. Bu cazibədar musiqi açarı mənə Məlikovun dünyasına daxil olmağa imkan verdi və məni orkestr quyusundan çıxararaq qarşımda ecazkar, Bakı küləyi ilə laylalanmış, Xəzər dənizinin soyuğunda qızmar Azərbaycan günəşi ilə tumarlanmış musiqi minbərinə yüksəltdi!

    Məlikovun musiqisi çox fərqlidir. Mənim üçün o, 20-ci əsrin müasiri olmaqla bu dövrü bütün mürəkkəbliyi və ziddiyyətləri ilə yaradıcılığında əks etdirən bəstəkardır. O, zamanının musiqi salnaməçisidir desəm yanılmaram. Məlikov öz dövründən sözlə ifadə edilə bilməyənləri danışır. Onun hekayəsinin mərkəzində qazancı və itkisi, iztirab və sevinci olan insan, düşünən və hiss edən adam dayanır.

    Ona görə də, məncə, onun bir çox əsərlərinə xas olan emosionallıq, bəzən hətta əsəbilik, dramatiklik xarakterikdir. O, həyatında necə nəfəs alıbsa, onun əsərləri də içində həmən hava ilə yaşayıb. Milyonlarla qurbanı olan dünya müharibəsi, iztirablar və məhrumiyyətlər, aclıq, dogma torpaqlarda sonunu görmədiyi amma ağrısını böyük ürəyi ilə dağlandığı Qarabağ müharidəsi,  – Maestronun keçdiyi sınaqlardan bir hissəsidir. Onlar onun ruhuna, qəlbinə həkk olunmuş, bir çox əsərlərinin leytmotivinə çevrilmişdir. Arif müəllim bəşəriyyətin bu faciələrinin bir daha təkrarlanmasına qarşı cəsur ürəklə, notlarla silahlanmış musiqi ordusu ilə çıxış etdi və sarsıdıcı qələbə çaldı. Əminəm ki, dünya musiqisində bunu Məlikov qədər ifadəli və dərin məhəbbətlə edən olmayıb.

    Eyni zamanda, deməliyəm ki, Məlikov dünyanı yalnız qəmgin və dramtik tonlarda qəbul etməyib. Onun yaradıcılığını, dünyagörüşünü bu cür şərh etmək yalnış olardı. Onun bir sıra əsərləri xeyirin şərə qalib gəlməsinə, insan azadlığına və xoşbəxtliyinə, inamla dolu parlaq qələcəyə, şıltaqlığı və ehtirası ilə həyata davam marşı ifa edən məhəbbətə həsr edilib. Və onun yaradıcılığının bu humanist komponenti eyni dərəcədə parlaq, güclü və ifadəli səslənir.

    Məlikovdan qalan mənəvi sərvət ola bilsi ki bu gün səsindən oturmaq olmayan musiqi ilə adam başı toy məclisini hesablayan kütləyə maraqsızdır, amma dövrümüz və ümümiyyətlə bəşəriyyət üçün çox vacib və tələb olunandır. Hətta deyərdim ki, bu gün “İki ürək dastanı” məhkəmələrdə uşaq alimenti və gələcəyin kvadrat metrəsi ilə hesablanan bir dövrdə daha aktualdır. Bu bir həqiqətdir ki, cəmiyyət elə bir həddə çatıb ki, savadlı olmaq amili bufetdəki dəyəri pulla ölçülən və diplom adlanan kağız parçasının rəngi ilə ölçülür və bu şəraitdə mədəniyyətimizin gələcək inkişaf yolunu seçmək məsələsi ortaya çıxır. Bu prosesin özü bəşəriyət üçün, onun azadlığı və rifahı üçün əhəmiyyətli dərəcədə risklərlə əlaqələndirilir. Gözümüzün qarşısında beynəlxalq aləmdə son əsrlər cərəyan edən humanizm erasının üzərindən xətt çəkilir və bu prosesisin qarşısını almağa yalnız Con Lennonun təbirincə desək Məhəbbət qadirdir. Doğrudanda bu günki əclaflıqdan xilas olmaq üçün insanlar özləri dəyişməlidir və bu “Metamarfoza” üçün şükür Allah ki, biz Azərbaycanlıların ciddi mənəvi fundamenti var. Arif Məlikov Azərbaycana Allah Təala tərəfindən hədiyyə edilən mənəvi fundamentin struktur təşkil edən və iri armaturlarla düyünlənən beton pilləsidir. Onun yaradıcılığında əsas yer tutan Məhəbbət fəlsəfəsi bu gün də qlobal gündəmdədir və Azərbaycandan başlayaraq dünyanı xilas etməyə ilahi qüvvəyə malikdir. Eyni zamanda Məlikovun musiqisi həm ölkəmizin, həm də bütövlükdə dünyanın mənəvi həyatının ayrılmaz hissəsi olaraq, humanizmin, insan varlığının ali məqsədi, tarixi prosesin əsas mənası kimi qorunmasına kömək edə bilər.

    Ona sadəcə qulaq asmaq lazımdır…

    Musiqi cəmiyyətimizin mədəni həyatında mühüm yer tutur. Xüsusilə yeniyetmə və gənclər buna böyük maraq göstərirlər. Musiqinin formaları, janrları və üslubları indi həmişəkindən daha çoxdur. Bəzilərinin bədii-mənəvi dəyəri, yumşaq desək, şübhə doğurur. Lakin məncə, bu sahədə qadağalar üsulu istisna olmalıdır. Hamının günəş altında yeri var. Amma eyni zamanda mən hesab edirəm ki, dövlət və cəmiyyət məktəblilərin, gənclərin musiqi təhsilinin, maarifləndirilməsinin yaxşılaşdırılmasına yönəlmiş addımlar atmalıdır. Bu, ona görə lazımdır ki, onların musiqi üfüqləri popular musiqi “fastfudu” və kütləvi şou-biznes məhsulları ilə məhdudlaşmasın, bilsinlər ki, insanı yüksəldən, onun içindəki ən yaxşı hissləri səfərbər edən tamam başqa musiqi də var. Və burada söhbət heç də məcburiyyətdən getmir. İnsanın nəyə qulaq asacağına qərar vermək hürriyyəti var. Ancaq seçim etmək üçün insan bütövlükdə musiqi dünyasının palitrası ilə tanış olmalıdır və ilk növbədə mədəniyyətimizin humanizm, əxlaq, ədalət, gözəllik kimi əsas dəyərlərini özündə cəmləşdirən klassik azərbaycan musiqisi ilə. Söhbət keçən əsrin böyük Azərbaycan bəstəkarlarından: Üzeyir və Ceyhun Hacıbəyovlar, Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, Arif Məlikov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə və bir sıra başqa musiqiçilərdən gedir. Həyata qədəm qoyan nəsillərin onlar haqqında məlumatı olmalıdır. Çünki onların musiqisini tanımaq, ona qərq olmaq insanları mənəvi cəhətdən zənginləşdirir, daha yaxşı edir, xarab olma müddətini uzadır. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi ölkəmizdə musiqi təhsilini təkmilləşdirmək barədə düşünməlidir. Eyni zamanda, Arif Məlikovun yaradıcılığı bütün Azərbaycan üçün qürur mənbəyidir, ölkənin mənəvi gücünün təcəssümü, insan ruhunun ən ali yüksəlişidir.

    Ona görə də hesab edirəm ki, musiqi sənətinin, musiqi təhsilinin, konsert fəaliyyətinin inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan və xarici ölkələrin vətəndaşlarına, yaradıcı kollektivlərinə, təşkilatlarına verilən Arif Məlikov adına Dövlət Mükafatının təsis edilməsi haqqında düşünülsün.

    Bu minvalla əsasən xarici kollektivlər Azərbaycanın musiqi mədəniyyəti ilə yaxından tanış olmuş olarlar!

    P.S. Sentyabrın sonunda Azərbaycanın digər tanınmış incəsənət xadimi, görkəmli dirijorumuz, dostum Yalçın Adıgözəlov Qala kəndində Arif Məlikovun "Məhəbbət Əfsanəsi" əsərini səhnələşdirəcək. Təqdirəlayiq təşəbbüsünə görə səmimi təşəkkür edirəm. Çox sağ ol əzizim - köklərimizi unutmursan və yaşadırsan ki,  millətimiz yaşasın!