XƏBƏRLƏR / Məhkəmə

Milli Məclis buraxılır YENİLƏNİB

Konstitusiya Məhkəməsi qərar qəbul edib

Milli Məclis buraxılır YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

    İclasda Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezident sorğusuna baxılıb.

    Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

    Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

    Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.

    Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

    Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

    ***

    11:02

    Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

    İclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.

    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

    İclasda sorğuverən tərəfin nümayəndələri qismində Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

    Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

    Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

    İyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.