XƏBƏRLƏR / Siyasət

Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək

Azərbaycan və Ermənistan liderləri də dəvət edilib

Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu həftə Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) yeddinci toplantısı keçiriləcək.

    Sammitdə 50-yə yaxın ölkənin liderinin iştirak edəcəyi gözlənilir. Görüşün əsas gündəmi Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstəyin davam etdirilməsi və qitənin yeni geosiyasi reallıqlarda daha güclü və təhlükəsiz olması yollarının müzakirəsi olacaq.

    Toplantının plenar iclasından sonra liderlər üç mövzu üzrə ayrı-ayrı dəyirmi masalarda müzakirələr aparacaqlar: ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik və miqrasiya. Sammitə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Kosta təmsil edəcək və o, Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə iclaslara sədrlik edəcək.

    Azərbaycan və Ermənistan da dəvət edilənlərin siyahısındadır. 

    Toplantıdan öncə isə Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Kopenhagendə qeyri-rəsmi sammitə toplaşacaq. Burada əsas diqqət Avropa müdafiə təşəbbüslərinə – o cümlədən “Dron Divarı”, “Hava Hücumundan Müdafiə Qalxanı” kimi layihələrə və Ukraynaya uzunmüddətli maliyyə dəstəyinə yönələcək.

    Avropa Siyasi Birliyinin sammitinə Böyük Britaniya, Türkiyə, Qərbi Balkanlar və Qafqaz ölkələrinin liderləri də qatılacaq.