Kür-Bakı magistral su kəmərində qəza baş verib
Bakı şəhəri ərazisinin bir hissəsində və Hacıqabul rayonunun su təchizatında məhdudiyyətlər tətbiq olunacaq
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.
“Azərsu” ASC Bakı şəhəri ərazisinin bir hissəsinin və Hacıqabul rayonunun su təchizatında məhdudiyyətlər tətbiq edəcək.
O cümlədən, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi yerlərində, həmçinin Hacıqabul rayonunda suyun verilməsində məhdudiyyətlər tətbiq olunacaq.