Laçın meşələrindəki yanğın məhdudlaşdırılıb
Hadisəyə səbəb turistlərin yanğınla rəftar edərkən ehtiyatsızlığı olub

Laçın rayonunun Hoçaz kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın lokallaşdırılıb.
Ehtimal olunur ki, hadisəyə səbəb turistlərin yanğınla rəftar edərkən ehtiyatsızlığı olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinin rəis müavini, daxili xidmətin kapitanı Ruslan Süleymanov məlumat verib.
Onun sözlərinə görə, yanğın ərazisi dağlıq və meşəlik ərazi olduğundan minalardan təmizlənməyib, müəyyən çətinliklər yaranıb:
"Yanğın təsirindən yanğın yerində mina partladığından canlı qüvvə və texnika onun söndürülməsinə birbaşa müdaxilə edə bilməyib. İlkin versiyaya görə, yanğına səbəb istirahətə gələn turistlərin təhlükəsizlik qaydalarına riayət etməməsi olub. 10 hektara yaxın ərazini əhatə edən yanğın lokallaşdırılıb". Fövqəladə Hallar Nazirliyi bir gün əvvəl xəbərdarlıq edib ki, yanğınla ehtiyatlı olmalıyıq.