Laçında 32 ildən sonra ilk toy sədası eşidilib FOTO
Laçının toylu-büsatlı günləri başlayıb
Bu gün – martın 8-də Laçın rayonunun Zabux kəndində 32 ildən sonra ilk dəfə olaraq toy sədası ətrafa yayılıb.
İki gəncin ən xoş günü el adəti ilə, yəni, kənddə toy mağarı qurularaq təşkil edilib. Hər bir zabuxlu ailənin bu sevincli gününə pənah gətirib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, kənd sakinləri ilə bərabər, Azərbaycan Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.
Gəlinlə bəy “Vağzalı” sədaları altında toy mağarına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.
Qeyd edək ki, Zabux kəndində 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.