Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq
Hazırda şəhərdə 1204 nəfər əhali yaşayır
Yaxın günlərdə Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq.
Artıq şəhərin mərkəzində 712 obyekt tikilib.
Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev "Azərtac"a bildirib ki, hazırda şəhərdə 1204 nəfər əhali yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır:
“Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarları təqdim etməsindən bu günə kimi Laçına şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.