
Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
***
12:03
Ötən gün Laçın rayonu Mollalar kəndi istiqamətindəki dağlıq ərazidə baş verən yanğının tam söndürülməsi işləri davam etdirilir.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan "Report"a bildirib.
Onun sözlərinə görə, yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün yanğına müdaxilə edilməsində müəyyən çətinliklər yaranıb:
"Buna baxmayaraq aktiv alovun geniş əraziyə yayılmasının qarşısı əməkdaşlarımızın səyi nəticəsində alınıb. Hazırda alovun qarşısı alınsa da, ərazilərin bəzi hissələrində qalın ağac kötüklərinin tüstüləməsi müşahidə edilir. Yanğınsöndürənlər həmin ocaqların tam məhv edilməsinə çalışır", - FHN rəsmisi əlavə edib.