12:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.


***
12:47
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Latviyanın daxili işlər üzrə dövlət naziri Dimitrijs Trofimovs mübadilə etdilər.


“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”ni Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Latviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər.


“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı”nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Guntis Pujats mübadilə etdilər.


***
12:40
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

***
11:35
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

***
11:23
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***
10:53
Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***
10:06
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
5 dəqiqə