
16:00
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov qeyd edib.
“İlkin məlumata əsasən, yanğın təxminən 1.5 hektar sahədə baş verib. Relyefin mürəkkəbliyinə baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində dağlıq-meşəlik ərazi yanğından mühafizə olunub. Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb” , deyə komissiya sədri bildirib.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə baş verən yanğın ocaqlarını və ərazini nəzarətdə saxlayır.
***
Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, yanğın Lerik -Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.
"Yanğın bir neçə ərazidə baş verib. Hazırda yanğın 1,5 hektar ərazini əhatə edir. Güclü külək olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının qarşısını almağa çalışırlar".
Qeyd edək ki, FHN -nin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədilər.
Əlavə məlumat veriləcək.