Martin Ryan Fransa kəşfiyyatının əməllərinin qurbanı olub
Bu barədə Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə deyilir
Fransa vətəndaşı Martin Ryan Azərbaycanda gizli fəaliyyət göstərən Fransa kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə Fransanın ermənipərəst mövqeyi və hərəkətləri ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir.
Bu gün Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə Paris və Bakı arasında münasibətlərin növbəti kəskin pisləşməsi son “casus qalmaqalı” fonunda təhlil edilir. Məqalənin müəllifi Jan-Dominik Merçer Azərbaycana qarşı casusluqda ittiham olunan M.Ryanın ötən ilin dekabrında Bakıda saxlanması barədə ətraflı danışıb.
Müəllif saxlanılan şəxsin yaxın çevrəsinə istinad edərək vurğulayır ki, “o, Fransanın Bakıdakı səfirliyində işləyən və rəsmi şəxslərinə uyğun gəlməyən hərəkətlərə görə Azərbaycan tərəfindən ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub. Məqalədə deyilir ki, sözügedən səfirlik rəsmiləri “Ryanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə haqqında həssas məlumatları toplayıb ötürməyə məcbur edərək, onu təhlükəli oyunlarında peşkaya çeviriblər”.