Medalın iki üzü
ANS-in qurucuları “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunublar
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Deyirlər ki, insan adətən medalı iki halda alır: ya artıq heç nə edə bilmədiyi üçün, ya da çox şey etdiyini sübut etmək mümkün olmadığı üçün. Biz inanırıq ki, bu medal birincisi deyil — ikincisidir.
Qardaşlarımla birlikdə biz, sadəcə, mətbuat tarixinin bir hissəsini deyil, müstəqil Azərbaycanın sinir sistemi, yaddaşı və vicdanı kimi formalaşan bir media qurduq. Vətənimizin dirçəliş illərində jurnalist olmaq rahat peşə deyildi — bu, təhlükəli bir vərdiş idi. Bəzən məlumat əldə etmək və həqiqəti demək güllədən sürətli, tankdan ağır, minalardan isə daha partlayıcı olurdu. Biz bunu bilirdik, amma yenə də silahımızı — mikrofonu — yerə qoymadıq. Bu yol ağır oldu, itkilərsiz keçmədi və hər birimiz bu yükü öz taleyində daşıdı.
ANS Azərbaycan müstəqilliyindən səkkiz ay əvvəl doğuldu. Yəni, biz hələ dövlətin özü ayağa qalxmamış onun sözünü ayaqda saxlamağa çalışırdıq. Uzun illər ərzində dünya Azərbaycanla bağlı həqiqətləri birbaşa ANS-dən alırdı. Bəzən işıq yox idi, bəzən maliyyə yox idi, bəzən də sabahın olacağına dair zəmanət. Amma bir şey həmişə var idi — məsuliyyət. O məsuliyyət ki, xalqın xəbəri xalqdan gizli qalmasın.
Bu gün “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunmağımızı, doğrusu, şəxsi uğurdan çox uzun və sərt, dəqiq, qərəzsiz və vicdanlı bir yolun nəhayət ki, tarixdə öz yerini tapması, şərəfli yolumuzu xəritəyə salınması kimi qəbul edirik. Bu medal bizim sinəmizdə yox, xalqımız tərəfindən layiqli sayılan hər bir əsl ANS fədaisinin illərlə daşıdığı məsuliyyətin və yükün üzərində parlayır.
Milli mətbuata göstərilən bu yüksək diqqətə və verilən dəyərə görə Sizə səmimi təşəkkürümüzü bildiririk.
Dərin hörmətlə,
Vahid Mustafayev
Seyfulla Mustafayev
2 dəqiqə