BLOQ

Məhəmməd Əmin Rəsulzadə “Üçbucağı”

Keçmiş xarici işlər naziri Vilayət Quliyev “II Beynəlxalq Rəsulzadə Qiraətləri”nə bu barədə yazıb

Məhəmməd Əmin Rəsulzadə “Üçbucağı”
Məhəmməd Əmin Rəsulzadə
  • Oxuma müddəti:

    7 dəqiqə

  • “II...Qiraətlər”in I fəslinin daha bir bölümü “Rəsulzadə və müasirləri” adlanır və Rəsulzadənin mühitini, onun həyatından keçmiş, taleyində bu və ya digər dərəcədə rol oynamış insanlarla münasibətlərini araşdıran məqalələri özündə ehtiva edir. Əslində toplunun demək olar ki, bütün məqalələrində Rəsulzadənin əhatəsində olan şəxsiyyətlərdən söhbət gedir. Lakin bu bölümün yazıları onunla fərqlənir ki, burada əsas tədqiqat obyekti Rəsulzadə deyildir. Rəsulzadənin mühiti və müasirləri kontekstində o dövrün ziddiyyətli, qarışıq, hadisələr və xarakterlərlə zəngin palitrası canlandırılır, tanınmış şəxsiyyətləri haqda maraqlı, çox vaxt yeni məlumatlar gündəmə gətirilir və bütün bu mənzərənin mərkəzində Rəsulzadənin öz obrazı da bütün rəngarəngliyi ilə işıqlandırılır.

    Bu bölüm Azərbaycanın görkəmli ziyalısı, alim, diplomat, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin “ Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşi və Məhəmməd Əmin Rəsulzadə “Üçbucağı”” məqaləsi ilə açılır. Vilayət müəllimi - Azərbaycan tarixi və ədəbiyyatının ən ciddi və məhsuldar araşdırıcısı - kimi başlamaqla, çox geniş və ən ibarəli şəkildə təqdim etmək olar. Amma buna lüzum olmadığını düşünərək, son dərəcə təvazökar, az danışıb çox iş görən bu alim həmkarımıza, eyni zamanda ölkəmizin Bosniya-Herseqovinadakı Səfirinə mən tamam başqa bir səbəbdən – bu məqaləni heç bir dəvət-filan, müraciət gözləmədən, saysız “yadasalmalara” ehtiyac yaratmadan, hələ keçən ilin yay aylarında öz təşəbbüsü ilə yazdığına və mənə göndərdiyinə görə təşəkkür etmək istəyirəm.

    Vilayət Quliyev
    V.Quliyev tədqiqatın əsas mənbəyi kimi Z.V.Toğanın “Xatirələr. Türküstan müsəlmanlarının və digər şərq türklərinin milli varlıq və mədəniyyət uğrunda mübarizəsi” kitabına əsaslanmış və məqalənin başlığından da göründüyü kimi, türk xalqlarının üç görkəmli siması - başqırd Zəki Vəlidi Toğanla azərbaycanlılar - Əlimərdan bəy Topçubaşı və Məhəmməd Əmin Rəsulzadənin münasibətlərini, dəqiq deyilərsə “Rusiya imperiyasının "müsəlmanları" adlanan toplumlarının ictimai tərəqqisi və siyasi azadlıqları yolunda qarşılıqlı əlaqələrini və əməkdaşlığını” araşdırmışdır. Qardaşlıq həmrəyliyi və ideya birliyinin qırmızı xətt kimi keçdiyi bu kitaba istinadən Müəllif “Böyük üçlüyün” milli-azadlıq hərəkatında birgə fəaliyyətinin iki dövrünü - inqilabdan əvvəlki Rusiya və siyasi mühacirət illərini işıqlandırır. Öz xalqlarının avanqardında ön yer tutan bu şəxsiyyətlər maarifçi, publisist, ictimai və siyasi xadim kimi çıxış etmiş, 1917-ci il 1-11may tarixlərində Moskvada keçirilən Ümumrusiya Müsəlmanlar Qurultayında federalistlərlə unitarların mübarizəsində məhz onların birgə səyləri sayəsində birincilər üstünlüyə nail olmuşdular. Bununla da Ə.Topçubaşı - M.Ə.Rəsulzadə - Z.V.Toğan ittifaqı təkcə öz xalqları üçün deyil, həm də keçmiş imperiyaların qeyri-rus xalqları üçün milli dövlətçilik ideyalarını məqsədyönlü şəkildə müdafiə etmişdir.

    Bolşevik təcavüzü və işğalı nəticəsində onların hər üçü doğma yurdlarından uzaqlara, mühacirətə getməli olmuş, hər üçü bolşevik rejiminin təqiblərindən və dəhşətlərindən keçmiş, lakin maddi və mənəvi çətinliklərə baxmayaraq, seçdikləri yoldan dönməmiş, ömürlərinin sonuna qədər mübarizələrini davam etdirmişlər. Təsadüfi deyil ki, Rusiya türk müsəlmanlarının lideri Ə.Topçubaşı Parisdə Z.V.Toğanla son görüşündə ömrünün işinin davamını ona və M.Ə.Rəsulzadəyə vəsiyyət etmişdi.

    V.Quliyevin məqaləsi Zəki Vəli Toğanın olduqca zəngin bioqrafiyasının təqdimatı ilə başlayır və məqaləni oxucu üçün maraqlı və faydalı edən daha bir xüsusiyyəti ilə seçilir. Belə ki, Müəllif məqalə boyu tədqiqatlarını yalnız bu üç tarixi şəxsiyyət üzərində qurmur, onların ətrafı, Rusiya müsəlman qurultaylarının digər görkəmli simalarının adları çəkildikcə, istinadlar bölməsində onların hər biri haqqında qısa, lakin məzmunlu məlumatlar verir və bununla da Rəsulzadənin müasirlərinin əhatə dairəsini xeyli genişləndirir. Bolşevik hakimiyyəti ilə əlaqələrini kəsmiş və axtarışda olan Zəki Vəlidi Toğanın 1920-ci ilin payızında gizli şəkildə kommunist İbrahim Əbilovla eyni gəmidə artıq “qırmızı Azərbaycana” gəlişi, Rəsulzadənin həbsdə olduğu Bakıda həmin günlərdə Kominternin xətti ilə keçirilən Şərq Xalqlarının I qurultayının gedişi, qaçaq Zəki Vəlidinin türk kommunisti Mustafa Sübhinin evində gizlənməsi, qurultayın Türküstan nümayəndələri ilə qapalı görüşlər və digər bu sıradan “sərgüzəştli” təfərrüatlar məqaləni oxunaqlı etməklə bərabər o dövrün həqiqətən çox ziddiyyətli kəsişmələrini ortaya qoyur. Məqalədə Zəki Vəlidi Toğanın artıq siyasi mühacirət dövrü böyük çətinliklər yaşadığı İstanbulda Rəsulzadədən aldığı dəstək barədə onun öz xatirələrinə istinad edən V.Quliyev sonda o dövrün abu-havasını və bu şəxsiyyətlərin ən səmimi münasibətlərini səciyyələndirən çox təsirli və düşündürücü bir nümunə gətirir. Həmin sətirləri nəzərinizə çatdırmaqla bu təqdimatı bitirirəm: “İstanbulda yerləşəndən bir neçə gün sonra Zəki Vəlidi Toğan gündəliyinə aşağıdakı sətirləri yazmışdı: “25 mayıs 1925. Mehmet Əmin Rəsulzadə ilə tam bir gecə söhbət etdik. 26 mayıs. Azərbaycanlılar bir çay süfrəsinə çağırdılar. Hamısı məhəbbətlə dolu insanlardır. 27 mayıs azərbaycanlıların milli İstiqlal günü idi. Burada bir nitq söylədim. Başqırdıstan və Türküstan muxtariyyət və istiqlal hərəkətlərinin Müsavat firqəsinin proqramında yazılmasının tarixini şükranla andım”...