XƏBƏRLƏR / Təhsil

Məktəblərdə geyim qaydalarına riayət olması yoxlanılır

Bu barədə Bakının Təhsil İdarəsindən məlumat verilib

Məktəblərdə geyim qaydalarına riayət olması yoxlanılır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakıda təhsil müəssisələrində geyim qaydalarına riayət olunmasının yoxlanılmasına başlanılıb.

    Bu barədə Azərbaycan paytaxtının Təhsil İdarəsindən məlumat verilib.

    Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur.

    Nəzərinizə çatdırırıq ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll olunur.

    Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

    Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır.

    Bundan əlavə, müəyyən edilmiş geyim qaydalarına əməl etməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da olub.

    Eyni zamanda, təəssüflə bildiririk ki, bəzi ümumi təhsil müəssisələrində məktəb və təlim mühitinə uyğun olmayan davranış halları qeydə alınıb.

    Bu hallar təkcə təhsil prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurub. Geyim qaydalarına riayət etməklə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid halları da olub.

    Geyim qaydalarına riayət olunmasını qiymətləndirmək və riayət olunmasına nəzarəti gücləndirmək üçün monitorinqlər davam etdiriləcək", - deyə şöbə qeyd edib.