14:35
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 15-də yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu mərhələdə Xıdırlı kəndində 219 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13:15
Bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.



Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə olmaqla, 143 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12:59
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Məmmədbəyli kəndi bu gün 30 ailə olmaqla, 143 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan sakinlər sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa edilib. Köçürülən ailələrin evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
***
06:50
Noyabrın 15-də Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
Xıdırlı (Ağdam) - 2 027 nəfər (515 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
Şuşakənd (Xocalı) - 170 nəfər (61 ailə)
Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 136 nəfər (37 ailə)
Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Məmmədbəyli (Zəngilan) - 143 nəfər (30 ailə)
Cəmi: 21 136 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
6 dəqiqə