Məni bunkerə güllələmək üçün saldılar...
Və ya söz insana verilib ki, fikirlərini gizlədə bilsin. BBC-yə müsahibədən VİDEO
Bu heç də BBC-yə verdiyim ikinci müsahibə deyil. Sadəcə, bir dəfə götürülən müsahibənin ikinci hissəsidir. Əvvəlcə bu müsahibə cəmi 30 dəqiqə olmalı idi, amma bıçaq sümüyə dirənəndə vaxt al qan kimi axıb gedir... Müsahibə boyu məndən çılpaq həqiqəti tələb edən BBC müxbiri İzolda xanım, məncə, özü də Rodenin "Düşünən Adam"ının bu qədər çılpaq plastikasını görməyə hazır deyildi. Mən çox yaxşı bilirəm ki, həqiqətin və yarımhəqiqətin arasındakı fərq, göy gürultusu, şimşək çaxması ilə atəşböcəyinin titrəməsinə bənzəyir. Məhz bu səbəbdən BBC-yə verdiyim müsahibənin birinci hissəsi cəmiyyətimizdə şimşək effektini yaradaraq bir sıra qaranlıq məqamlara bir anlıq işıq saldı.
Amma cəmiyyətin də sualları az olmadı. Demək olar ki, hər bir cümləmlə əlaqədar mənə sual verirdilər - maraqlanırdılar ki, mən bu və ya digər ifadəm ilə nə demək istəyirdim. Dostlar, unutmayın ki, söz torba kimidir - içinə qoyulan mənanın şəklini, formasını alır. Odur ki, bir çox hallarda sözü eşitmək deyil, onu görmək də kifayətdir...
Bir sözlə, mənim sözlərimin içinə qoyulan məna sahib olduğum düşüncənin, hisslərin, yaşadığım mürəkkəb həyatın, həqiqətin, Sizin düşündüyünüz və ya qənaətə gəldiklərinizin təcəssümüdür.
BBC ilə müsahibəmin ikinci hissəsini dinləyin və ağlınıza gələn bütün mənaları qəbul etməkdə sərbəst olun və başqa insanlara da ötürün.
Allah Sizi salamat eləsin!