MÜSAHİBƏ

Rusiya Ermənistana "göstərəcək"

Bunu ANS Press-ə politoloq Fərhad Məmmədov Rusiya XİN-nin son bəyanatını şərh edərkən deyib

Rusiya Ermənistana "göstərəcək"
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rusiya XİN-nin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə Monitorinq missiyası göndərmək qərarını kəskin şəkildə tənqid etməsi Kremlin mövqeyinin dəyişməməsi kimi də qiymətləndirilə bilər. Rusiya XİN-nin bu məsələ ilə bağlı xüsusi bəyanatında rəsmi Moskva həm Avropa İttifaqını, həm də Ermənistanı təhdid edir, desək, yanılmarıq: “Rusiya hərbiləri Aİ müşahidəçilərinin davranışına "yerdə" vəziyyətin inkişafını nəzərə almaqla reaksiya verəcəklər.

    Xatırladaq ki, yanvarın 23-də Aİ Şurası Ermənistanda 2 illik yeni mülki missiyanın təsis edilməsi haqqında qərar qəbul edib. 

    Politoloq Fərhad Məmmədov ANS Press-ə müsahibəsində bildirib ki, Aİ-nın missiyasının Ermənistanda uzunmüddətli mandatla fəaliyyət göstərməsi Ermənistanın bir poliqona çevrilməsi prosesinin tərkib hissəsidir.

    “Çünki hamı anlayır ki, o ərazidə Rusiya hərbçiləri var və Ermənistan Rusiyanın hərbi-siyası müttəfiqidir. Belə bir ölkədə Aİ-nin sivil də olsa, hərbçilərdən ibarət olan missiyasının uzunmüddətli fəaliyyət göstərməsi Rusiyaya bir çağırışdır. Eyni zamanda nəzərə almalıyıq ki, İranın bu məsələlərdə həssas olması müşahidə edilir və onların bəyanatları da var ki, regiondan kənar qüvvələrin burada təmsil olunması İrana təhdiddir. Onu da nəzərə almalıyıq ki, həm Qərbin, həm Rusiyanın, həm də müəyyən səviyyədə İranın Ermənistan daxilində onları dəstəkləyən siyasi qüvvələr var. Bu siyasi qüvvələr vasitəsilə də bu dövlətlər bir-birinə qarşı mübarizə aparırlar. Hamı bilir ki, İranda rusiyapərəst, qərbpərəst siyasi partiyalar var. Belə olan şəraitdə deyə bilərik ki, Ermənistan bu addımları ilə həm regiona təhlükə yaradır, çünki mübarizə meydanına çevrilmək həm dövlətə təhlükədir, eyni zamanda qonşu dövlətlərə rəqabətin münaqişəyə keçməsi təhlükə törədə bilər. Rusiya da buna adekvat reaksiya verəcək, düzdür, hal-hazırda resursların məhdud olması Rusiyanın fəaliyyətini diplomatik yöndə aparmağa məcbur edir. Amma Rusiya öz milli maraqlarına ciddi təşhükə görəndə reaksiya verəcək və bu, Ermənistan daxilində baş verəcək”.

    Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun bu bəyanata münasibəti qısa olub: “Bu məsələdən Azərbaycan ziyan çəkməyəcək, əksinə, xeyrimizədir. Qoy Rusiya ilə Avropa boğuşsun, ortada qalan da Ermənistan olacaq”.