Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu da açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə uçot faiz dərəcəsi ilə bağlı ilk qərarını açıqlayıb.
Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu da açıqlayıb.
Qeyd edilib ki, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.