Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb
Dövlət Gömrük Komitəsi meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirir

"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - TƏBİB-in məlumatda deyilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.
Bu arada, Dövlət Gömrük Komitəsi meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirir.
Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.
Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat”a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.