Məhəmməd Əmin Rəsulzadəni bir qayda olaraq siyasətçi, ictimai-siyasi xadim, jurnalist kimi tanıyan geniş ictimaiyyət, o cümlədən tədqiqatçılar onun yalnız bu sahələrdə fəaliyyətini qeyd etdikdən sonra həm də ədəbiyyata böyük maraq göstərdiyini, özünün bədii əsərlər yazdığını, və əlbəttə ki, son və ən möhtəşəm tədqiqat əsəri kimi ömrünün ahıl çağında qələmə aldığı “Azərbaycan şairi Nizami” fundamental tədqiqatını yada salırlar. Rəsulzadəni siyasi publisist ilə bərabər səviyyədə ədəbiyyat bilicisi, və hətta peşəkar ədəbiyyatşünas kimi görən tədqiqatçılar isə, təbii ki, bu dəyərləndirmələrini sübut etməyə çalışırlar. Təsadüfü deyil ki, “II ...Qiraətlər”in “Ədəbiyyat. Dil. Mədəniyyət” adlanan fəslinə Rəsulzadənin ədəbi görüşləri və ümumən ədəbiyyatçı kimi fəaliyyətinə dair bir neçə, həm də fundamental sayılacaq məqalələr daxil edilmişdir.
“Məhəmməd Əmin Rəsulzadə: Millət sevgisi və Ədəbiyyat” adlanan birinci məqalənin müəllifi fizika-riyaziyyat elmləri doktoru, professor, Xəzər Universitetinin təsisçisi, tanınmış ziyalı, intellektual və nəhayət, şair Hamlet İsaxanlıdır.
Adından da göründüyü kimi, Hamlet müəllim Rəsulzadənin ədəbi yaradıcılığını onun ictimai-siyasi görüşləri fonunda araşdırmağa üstünlük verib və olduqca maraqlı bir araşdırma aparıb. İlk növbədə böyük siyasət və dövlət adamı olan Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyata gənc yaşlarından maraq göstərdiyini, əsl qələm əhli olduğunu və siyasi-ictimai baxışları ilə yanaşı bədii yaradıcılığını da mətbuat səhifələrinə çıxardığını qeyd edən müəllifə görə Rəsulzadə sonrakı fəaliyyətində siyasi publisistikası ilə müqayisədə bədii yaradıcılığa xeyli az yer ayırsa da, onun ictimai-siyasi əsərləri də tarix, ədəbiyyat və mədəniyyət əsaslı idi, bu yolla o, dövrün çoxrəngli mənzərəsini daha dərindən və daha anlaşılan şəkildə təsvir edə bilirdi.
Maraqlı bir ştrix: Hamlet İsaxanlı bir neçə hissədən ibarət iri həcmli məqaləsinin əvvəlində Rəsulzadənin ədəbiyyata gəlişinin səbəblərini açmağa cəhd edir. Onun “duyğulu və həssas” bir insan olduğunu, gənc yaşlarında şərq tarixi, mədəniyyəti, ədəbiyyatı və dillərini yaxşı öyrəndiyini və “belə gəncin tarixçiliyə və bədii yaradıcılığa meyl etməsini” təbii saymaqla yanaşı, burada digər amillərin də mühüm rol oynadığına diqqət çəkir: “Yaşadığı cəmiyyətin zəka qabiliyyətinin elmi və texnoloji sahədə boy göstərməsi üçün münbit mühit yoxdur, dəbdə olan bədii yaradıcılıq, ilk növbədə şeir və dram idi, teatr, xüsusilə musiqili teatr da bu ədəbi həyat tərzini gücləndirirdi.” Təsadüfi deyil ki, gənc Məhəmməd Əmin də bədii yaradıcılığa şeirlə, kiçik səhnə əsərləri yazmaqla başlayır.
Məqalənin “M.Ə. Rəsulzadə - şair və dramaturq” adlanan hissəsi də bu mövzuya həsr olunur. Daha sonra “M.Ə. Rəsulzadənin yaradıcı tərcümə fəaliyyəti”, “Rəsulzadə - ədəbiyyatşünas”, “Rusiya Azərbaycanında ədəbiyyat və mədəniyyət”, “Sovet dövrü Azərbaycan ədəbiyyatı haqqında” kimi başlıqlar altında Müəllif Rəsulzadənin ədəbiyyat sahəsində ilk addımlarından və qələm təcrübəsindən başlayaraq ciddi ədəbiyyatşünas – tənqidçi kimi yetişməsinə qədər keçdiyi yolu, bu zaman mütəxəssis səviyyəsində diqqətini hansı məsələlərə yönəltdiyi, hansı ədib, şair və yazıçıların əsərlərinə və mövzulara maraq göstərdiyi və bir çox digər məsələləri bütün incəliklərinə qədər açıqlayır. Rəsulzadənin ədəbiyyata və ümumiyyətlə ədəbi proseslərə olan marağının siyasi mühacirət illərində də azalmadığını vurğulayan H.İsaxanlı bunu onun Azərbaycan xalqının öz qədim və şərəfli keçmişini, uzaq və yaxın tarixini, xarakterini, ruhunu, dilini və düşüncəsini məhz ədəbiyyatda əks etdirdiyi kimi inamı ilə izah edir. Təsadüfi deyil ki, 1930-cı illərdə Avropa ölkələrində Azərbaycanı qeyri-siyasi baxımdan tanıtmaq üçün Rəsulzadə məhz Azərbaycan ədəbiyyatı haqqında mühazirələr oxumağa üstünlük verir. II dünya müharibəsi illərində əsir azərbaycanlılarla görüşlərində bu yeni nəsillərin öz ədəbiyyatına yaxından bələd olması, yaddaşdan şerlər deməsi həssas Rəsulzadəni çox sevindirir və bu faktı çox obyektiv qiymətləndirir. Hamlet İsaxanlının Rəsulzadənin ədəbi görüşləri haqda təhlili o qədər geniş məsələləri əhatə edir ki, bu kiçik təqdimatda onları seçib qeyd etmək çox çətindir. Bunun üçün, eləcə də riyaziyyatçı-şair İsaxanlının görmə bucağının peşəkar ədəbiyyatşünasların tədqiqatlarından nə ilə fərqləndiyini bilmək üçün mütləq məqaləni oxumaq lazımdır.
H.İsaxanlının məqaləsinin sonuncu – “Rəsulzadə-Nizamişünas” adlanan hissəsi onun Nizami haqqında monoqrafiyasının dərin və ətraflı təhlilinə həsr olunub. Bu fəsil Hamlet müəllimin özünü də Nizami dövrünü, şəxsiyyətini, poeziyasını dərindən bilən bir mütəxəssis kimi təqdim edir. Belə ki, özlüyündə ayrıca bir məqalə sayılacaq bu hissədə Müəllif Rəsulzadənin hətta Nizaminin də yaradıcılığını milli, etnik, siyasi motivlər baxımından nəzərdən keçirdiyinə diqqət yetirir və çox maraqlı nəticələr alır. Onlardan yalnız birini nümunə gətirməklə Rəsulzadənin “güclü ədəbiyyatşünas” kimi qiymətləndirildiyi bu kiçik təqdimatı bitirirəm:
“Rəsulzadə sevdiyi böyük şairə həsr olunmuş əsər üzərində işləyərkən şair kimi cuşa gəlmiş və 1945-ci il, 25-28 iyulda Bavariyada, Şvarsenefelddə əsərə poetik xülasə yazmışdır.
İstənirsə bizdən qısa nəticə
Anlatdırır Nizamiyi böyləcə:
- deyə son tezislərini söyləyir:
Farsçılığı yox onun
Türklüyə çox bağlıdır.
Qafqaz deyə zövq alır
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri
Ya türk, ya Qafqazlıdır.
Şübhəsi yoxdur ki, o,
Bir azərbaycanlıdır!”