Milli Şura üzvü Gültəkin Hacıbəyli hələ də İstanbuldadır
Bu barədə o, öz sosial media hesabında yazıb
Ramiz Mehdiyev işi çərçivəsində Azərbaycanda istintaqa dəvət olunan Milli Şura üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
Bu barədə o, öz sosial media hesabında yazıb.
“Noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gələn 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və burada qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum icazəm var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm”.
G. Hacıbəyli qeyd edir ki, hazırda onu “xarici terrorçulara tətbiq olunan G-82 maddəsi ilə” nəzarətdə saxlayırlar. Bu maddə adətən “ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərə” qarşı istifadə olunur və Türkiyədən deportasiyanı nəzərdə tutur. O iddia edir ki, hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq gedir.
“Bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan–Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub. Ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm”, - o əlavə edib.
1 dəqiqə