XƏBƏRLƏR / İctimaiyyət

Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək

Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb YENİLƏNİB

Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:37

    Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.

    Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

    Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. 

    ***

    11:31

    Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhər saat 6-da tamamlanıb.

    Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

    "Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat yayacağıq", - deyə o qeyd edib.

    Qeyd edək ki, təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı, Abşeron rayonlarında 3 gündür su yoxdur. Əhali sosial şəbəkələr vasitəsilə narazılığını bildirir.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən aldığımız məlumata görə, təmir işləri bitsə də, su xəttinin dolduruması üçün bir gün vaxt lazımdır. "Camaat suyu sabah - avqustun 16-a gözləsin", - deyə xidmətdən bildiriblər.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən aldığımız digər məlumata görə, şəhərin mərkəzi hissəsinə bu gün axşam su veriləcək.