XƏBƏRLƏR / İctimaiyyət

Mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

Mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Baş Prokurorluq mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat açıqlayıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    “Təəssüf hissi ilə bildiririk ki, işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məlumat verilir”, - deyə məlumatda vurğulanıb.

    Həmçinin qeyd olunub ki, torpaqlarımızın Ermənistan tərəfindən minalarla çirkləndirilməsi nəticəsində Vətən müharibəsi başa çatdıqdan sonra (10.11.2020-ci il tarixdən etibarən) işğaldan azad edilmiş ərazilərimizdə 436 nəfər zərər çəkib. Onlardan 73-ü həlak olub, 363-ü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    “Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən mina hadisələri ilə bağlı hər bir fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalar aparılır, hadisələrin bütün halları, o cümlədən partlayışların səbəb və şəraiti müəyyən edilir. Mina təhlükəsinin aradan qaldırılması işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, ərazilərin bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşları və həmin ərazilərə səfər edən şəxsləri bir daha yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”,- deyə məlumatda qeyd olunub.