Miqrant faciəsi ilə bağlı Afinada etiraz aksiyaları başlayıb
Bu barədə Euronews telekanalı xəbər verir
Yunanlar Mora yarımadası sahillərində baş verən və son on ilin ən ölümcül hadisəsi adlandırılan növbəti faciədən sonra öz hiddətlərini və həmrəyliklərini ifadə etmək üçün küçələrə çıxıblar.
Euronews telekanalı xəbər verir ki, içərisində yüzlərlə mühacirin olduğu balıqçı qayığının batması nəticəsində həyatını itirənlərin ailələri ilə həmrəylik əlaməti olaraq, Yunanıstanın iri şəhərlərində kütləvi nümayişlər olub.
Paytaxtda eyni zamanda iki etiraz aksiyası keçirilib. Onlardan biri Sintaqma meydanında, digəri isə Afina Universitetinin binası qarşısında təşkil olunub. Sonradan hər iki aksiyanın iştirakçıları birləşərək şəhərin mərkəzi küçələri ilə yürüş ediblər.
İyunun 14-də Yunanıstanın Mora yarımadası sahillərində qeyri-leqal mühacirləri daşıyan balıqçı qayığı batıb. Faciə zamanı qayığın göyərtəsində 750 nəfər olub. Onlardan yalnız yüzə qədəri xilas edilib, 78 nəfərin isə cəsədi aşkarlanıb. Xilasedicilər digər mühacirlərin sağ qalma şanslarını minimal qiymətləndirir.
Hadisə ilə bağlı doqquz nəfər, o cümlədən balıqçı qayığının kapitanı həbs olunub. Avropa İttifaqının sərhəd mühafizəsi agentliyinin (Frontex) direktoru Hans Leijtensin sözlərinə görə, əvvəllər insan qaçaqçıları adambaşına 2000 dolar alırdı, indi isə bu məbləğ 500 dollara qədər enib.