Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub YENİLƏNİB
O, 1996-cı ildən 2022-ci ilədək Milli Məclisin Aparat rəhbəri olub

16:34
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev dəfn olunub.
Mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfninə əklil göndərib.
Əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub.
***
11:19
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib.
Mərhumun yas mərasimi Heydər Məscidində keçiriləcək.
S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.
O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
***
10:07
Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Səfa Mirzəyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.
1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.