Moldovada güclü qar səbəbindən məktəb tətilləri uzadılıb
Bu barədə Fövqəladə Hallar Komissiyası xəbər verib
Moldovanın Fövqəladə Hallar Komissiyası güclü qar səbəbindən məktəb tətilini iki gün uzatmağı qərara alıb.
Komissiyanın qərarına əsasən, “narıncı” meteoroloji təhlükə səviyyəsi ilə əlaqədar məktəblərdə tətil yanvarın 11-dək uzadılıb. Eyni zamanda, paytaxt Kişineu da daxil bəzi şəhərlərdə qar və buztəmizləmə işləri ilə məşğul olanlar, həmçinin sanitar xidməti göstərənlər və risk altındakı insanlara xidmət edənlər istisna olmaqla dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, ötən gündən Moldovaya güclü qar yağmağa başlayıb. Eyni zamanda, bütün ölkə ərazisində havanın temperaturu kəskin enib. Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin müxtəlif bölgələrində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Meteoroloqların məlumatına görə, yağıntı gecə yarısından sonra dayanacaq.