 
                                12:30
Monteneqronun paytaxtı Podqoritsada saxlanılan Azərbaycan vətəndaşı azadlığa buraxılıb.
Azərbaycanın Serbiyadakı səfirliyindən və Monteneqrodakı diplomatik ofisindən bildirilib ki, Podqoritsada məlum hadisələrlə bağlı şübhəli şəxs qismində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanovun vəkili Darko Maraşın verdiyi məlumata əsasən, Y.Qurbanov barəsində başlanmış cinayət işi üzrə oktyabrın 30-da vacib hüquqi qərarlar qəbul edilib.
Bildirildiyinə görə, oktyabrın 26-da Podqoritsanın Zablyelo ərazisində baş verən və yerli sakinin yüngül bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə əlaqədar Y. Qurbanov “qəsdən adamöldürməyə cəhd” maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb və barəsində 30 sutka müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin müdafiə tərəfinin təqdim etdiyi sübutlar, xüsusilə də Y. Qurbanovun yaşadığı binadan götürülən təhlükəsizlik kameralarının videogörüntüləri onun hadisə vaxtı evdə olduğunu və mənzildən çıxmadığını təsdiqləyib.
Bu səbəbdən Podqoritsa Ali Məhkəməsi oktyabrın 30-da qərar qəbul edərək Y. Qurbanov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib, onun azadlığa buraxılmasına dair qərar verib.
Vəkil Darko Maraş bildirib ki, ittiham tərəfinin irəli sürdüyü bütün iddialar zərərçəkmiş şəxsin ifadəsinə əsaslanıb, lakin digər sübutlar həmin ifadəni təsdiqləməyib. Y.Qurbanov bundan sonrakı məhkəmə prosesində azadlıqda müdafiə olunacaq.
Qeyd edək ki, Azərbaycanın Monteneqrodakı diplomatik ofisi tərəfindən Y. Qurbanovla telefon danışığı aparılıb.
***
12:03
Monteneqro insan hüquqları və azadlıqları müdafiəçisi (Ombudsman) Sinişa Bjekoviç Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Monteneqro Ombudsmanı Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

O, məktubunda məsələnin nəzarətə götürülərək bununla bağlı Monteneqronun Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını qeyd edib.
S.Bjekoviç həmçinin məktubunda etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.
Hadisə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         3 dəqiqə
									3 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            