Moskva ilə Kiyev arasında danışıqlar başa çatıb FOTO
Rusiya və Ukrayna əsir mübadiləsi ilə bağlı razılığa gəliblər YENİLƏNİB

19:40
İstanbulda keçirilən Türkiyə, Rusiya və Ukrayna heyətləri arasındakı görüşdən sonra tərəflər toplantının nəticələrinə dair açıqlama veriblər.
Ukrayna tərəfi açıqlamalarında görüşlərini konkret humanitar nəticələr əldə edə biləcək bir mərhələyə çatdırdıqlarını ifadə ediblər. Ukraynanın müdafiə naziri Rustem Umerov görüşdə bütün əsirlərin azad edilməsi və uşaqların geri qaytarılmasını tələb etdiklərini bildirib. O, bütün əsas məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyinə inamını ifadə edərək, iyunun 20-dən 30-dək daha bir görüş keçirməyi təklif etdiklərini deyib.
“İlk addım çox aydındır: atəşkəsin təmin edilməsi, humanitar addımların atılması və liderlər sammitinə hazırlıq”, - deyə R.Umerov əlavə edib.
Rusiya heyətinin rəhbəri, bu ölkə Prezidentinin köməkçisi Vladimir Medinski isə açıqlamasında danışıqlar zamanı ən genişmiqyaslı əsir mübadiləsi mövzusunda razılığa gəldiklərini, yaralı və ağır yaralı əsgərlərin hamısının mübadilə olunacağını deyib. O, gələn həftə Ukrayna tərəfinə birtərəfli qaydada 6 min dondurulmuş hərbçi cəsədini təhvil verəcəklərini açıqlayıb.
***
17:20
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.
***
16:00
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu başlayıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya-Ukrayna danışıqlarına Türkiyənin xarici işlər naziri Fidan sədrlik edir.
Hakan Fidan İstanbulda keçirilən ikinci görüşün açılışında deyib: “Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə mütəmadi təmasdadır. Birinci görüşün ardınca Prezidentimizin təlimatları əsasında Moskva və Kiyevə səfər edərək bugünkü iclası təşkil etmə imkanı yaratdıq. Hər iki tərəflə də məsələni ətraflı müzakirə etmişik”.
Nazir min nəfərlik hərbi əsir mübadiləsinin qısa müddətdə tamamlandığını, hər iki tərəfin atəşkəsə əməl etdiyini vurğulayıb: “Bugünkü görüşdə iki ölkənin atəşkəslə bağlı şərtlərini və perspektivlərini davam etdirməyi hədəfləyirik”.
H.Fidan hərbi əsirlərin mübadiləsi məsələsini bir addım da irəli aparmağı hədəflədiklərini qeyd edib.
"Liderlərin görüşü üçün lazımi tədbirləri görməyi planlaşdırırıq. Qarşılıqlı problemlərin dialoq yolu ilə həllini hədəfləyirik. Sülhə gedən yolun düzəldilməyin mümkün olacağına inanırıq. Ən qısa zamanda arzulanan nəticəyə çatmaq əsas məqsədimizdir. ABŞ-nin bu görüşlərə yönələn inancını önəmli hesab edirik. Trampın sülhün yaradılması yönündəki qərarlılığı yeni fürsət pəncərəsi açıb", - o deyib.
***
12:43
Moskva ilə Kiyev arasında birbaşa danışıqlar bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Ukrayna nümayəndə heyətinə yenidən müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə (yenidən) Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.
Avropa tərəfində Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri danışıqlara qoşula bilər. Bunu daha əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Volodimir Zelenski görüş öncəsi əsas mövqeləri "Telegram" kanalında açıqlayıb: "Birincisi, tam və qeyd-şərtsiz atəşkəs. İkincisi, məhbusların azad edilməsi. Üçüncüsü, oğurlanmış uşaqların geri qaytarılması. Və etibarlı və davamlı sülh yaratmaq (və təhlükəsizliyi təmin etmək) üçün zirvə görüşünə hazırlaşın".
Daha sonra "Reuters" Ukraynanın İstanbul danışıqları ilə bağlı sülh təkliflərinin mətnini dərc edib.
Jurnalistlər artıq Rusiya ilə Ukrayna arasında danışıqların gözlənilən İstanbuldakı Çırağan Sarayının girişində toplaşmağa başlayıblar.
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına Türkiyənin xarici işlər naziri Fidan sədrlik edəcək.
Görüşdə Türkiyə kəşfiyyatının rəhbəri MİT Kalının da iştirak edəcəyi qeyd edilir.