XƏBƏRLƏR / Diplomatiya

Moskvada Ceyhun Bayramovla Sergey Lavrovun görüşü

Nazirlər danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçiriblər FOTO/VİDEO/YENİLƏNİB

Moskvada Ceyhun Bayramovla Sergey Lavrovun görüşü
  • Oxuma müddəti:

    11 dəqiqə

  • 18:17

    17 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

     Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi xəbər verir.

    Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, nəqliyyat, humanitar, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

    Nazirlər iki ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə, ali və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

    Ticarət-iqtisadi əməkdaşlığın inkişafı, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu, habelə iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib. Sonuncusu 16 aprel 2026-cı ildə Zəngilanda keçirilmiş hökumətlərarası komissiyanın ikitərəli iqtisadi münasibətlərdə rolu vurğulanıb.  

    Nazirlər qlobal iqtisadiyyatda mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin müsbət dinamikasını qoruduğunu qeyd ediblər.

    Nəqliyyat bağlantılarının və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı fayda əsasında bütün iştirakçıların maraqlarına xidmət etməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın və regional əməkdaşlığın genişlənməsinə töhfə verməlidir.

    Tərəflər nəqliyyat və tranzit əməkdaşlığına dair məsələləri nəzərdən keçirərək, Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişafı, multimodal daşımaların genişləndirilməsi və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini qeyd ediblər. 

    Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

    Bununla yanaşı, hər iki ölkənin vətəndaşları üçün əlverişli şəraitin yaradılması, akademik mübadilənin genişləndirilməsi, habelə mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

    Xəzər dənizində ekoloji vəziyyət, o cümlədən su səviyyəsinin azalması ilə bağlı yaranan çağırışlar və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemlərin həlli məqsədilə Xəzəryanı dövlətlər arasında koordinasiyalı fəaliyyətin, elmi tədqiqatların və birgə praktik tədbirlərin vacibliyi qeyd olunub.

    Nazirlər regional və beynəlxalq gündəlikdə duran aktual məsələləri də müzakirə ediblər. Cənubi Qafqazda mövcud vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqların beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığını vurğulayıb.

    Azərbaycanın sülh gündəliyinə sadiqliyi, həyata keçirdiyi konstruktiv təşəbbüslər, o cümlədən etimad quruculuğu istiqamətində atdığı addımların normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Həmçinin, sülh prosesi çərçivəsində qalan məsələlərin həllinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin, rifahın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub. 

    Görüş zamanı Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti vurğulanıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Nazirlər daha sonra mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

    Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üzrə Məsləhətləşmələr Planı imzalanıb.

    ***

    16:02

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı:


    VİDEO

    ***

    15:40

    İyulun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

    Nazirlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri daxil olmaqla, Azərbaycan-Rusiya ikitərəfli gündəliyini müzakirə ediblər.

    Nazirlər iki ölkə arasında əldə edilmiş razılaşmaların icrasını nəzərdən keçiriblər. Müzakirələr iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə, o cümlədən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının roluna yönəldilib.

    Nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafının təkcə iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

    Nazirlər həmçinin Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıblar.

    Görüşdə humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, eləcə də insanlararası əlaqələrin və akademik və gənclər mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.

    Diqqət Xəzər dənizindəki ekoloji vəziyyətə, o cümlədən suyun səviyyəsinin aşağı düşməsindən irəli gələn çətinliklərə və bu baxımdan əməkdaşlığın vacibliyinə yönəldilib.

    Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

    Cənubi Qafqazdakı vəziyyətə toxunan nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqların beynəlxalq hüquq prinsiplərinə, xüsusən də dövlət suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslandığını vurğulayıb.

    Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimadın qurulması istiqamətində atılan addımlar normallaşma prosesinin irəliləməsinə əhəmiyyətli töhfə verib.

    Görüş zamanı Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sülhün və sabitliyin təmin edilməsində diplomatik dialoqun və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin əhəmiyyəti vurğulanıb.

    Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında 2026-2027-ci illər üçün Məsləhətləşmə Planı imzalanıb.

    ***

    14:47

    Rusiya mediası görüşün əvvəli haqda bunalrı yazır:

    Lavrov: Moskva və Bakı müttəfiq əməkdaşlığını gücləndirmək niyyətindədirlər

    İkitərəfli münasibətlərdə yaranan çətinliklərə baxmayaraq, Azərbaycan və Rusiya iqtisadi, humanitar və regional əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

    Bu barədə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Moskvada keçirilən geniş görüşdə bildiriblər.

    Bayramov qeyd edib ki, çətin qlobal iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələr müsbət dinamikanı qoruyub saxlayır. O bildirib ki, tərəflər 2025-ci il üçün hədəfləri, perspektivli layihələri və aprel ayında keçirilən Hökumətlərarası Komissiyanın iclasının nəticələrini müzakirə edəcəklər.

    Nazir həmçinin humanitar əməkdaşlığın vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri nəzərdən keçirməyə hazır olduqlarını bildirib.

    Lavrov öz növbəsində bildirib ki, Moskva və Bakı 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Moskva Bəyannaməsinin potensialını daha tam şəkildə reallaşdırmaq istiqamətində irəliləyirlər.

    Rusiya nazirinin sözlərinə görə, bu il tərəflər ortaq faciə - AZAL təyyarəsinin qəzası ilə bağlı məsələləri həll ediblər.

    Danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, iqtisadi əməkdaşlığı, humanitar əlaqələri və "3+3" regional platformasının perspektivlərini də müzakirə etmək niyyətindədirlər.

     ***

    13:12

    Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

    Əvvəlcə nazirlər təkbətək formatda görüşüblər.

    Daha sonra nazirlər ikitərəfli, nümayəndə həyətləri ilə birgə danışıqlar aparacaqlar.

    Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və gündəmdə duran aktual məsələlərinin müzakirə olunacağı planlaşdırılıb.

    Nazirlərin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.

    Görüş, 1938-ci ildən bəri Xarici İşlər Nazirliyinin Qəbul Evi olan, Spiridonovka küçəsi, 17 ünvanında yerləşən tarixi binada keçirilir.