XƏBƏRLƏR / Münaqişə

Ermənilər Ağdamda görüşdən də imtina ediblər YENİLƏNİB

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib

Ermənilər Ağdamda görüşdən də imtina ediblər YENİLƏNİB
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 14:15

    “Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər”.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

    “Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Təkrar qeyd etmək istəyirəm ki, bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir.

    Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan silahlı qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var. Bu da regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq almaqdadır. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər, bunlar da Azərbaycan üçün qəbuledilməz faktlardır. Ermənistanın bu kimi əməllər Azərbaycanın daxili işlərinə qarışmaq və regional sülh və təhlükəsizliyi pozmaq, həmçinin iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi bir zərbədir”, - o əlavə edib.

    ***

    Ağdam-Xankəndi yolunun açılması, bu yolun mövcudluğu və funksionallığı müvafiq bəyanatlarda öz əksini tapıb və Ermənistanın öz rəhbərliyi də Brüssel görüşlərdə bu yolun mövcudluğunu və istifadəsinin mümkünlüyü qəbul etmişdir.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

    “Lakin sonrakı addımlarda bunu inkar edirlər. Bu prosesin növbəti tərkib hissəsi kimi növbəti günlərdə, yəni müəyyən şərti vaxtlar çərçivəsində Laçın yolunun da açılması təmin oluna bilər. Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır”, - o əlavə edib.

    “Bir daha qeyd etmək istərdim ki, Azərbaycanın sərhədləri daxilində, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir”.

    Prezidentin köməkçisi bildirib ki, Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim edib, amma bundan imtinaya görə də məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür: “Orada yaşayan sadə erməni sakinləri də bilavasitə həmin rejimin nümayəndələrinin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar və onlar öz mövcudluqlarını məhz bu kimi aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar. Gördüyünüz kimi bunların heç bir əsası da yoxdur. Yüklər burdadır və bu yüklərin ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir. Təkar qeyd etmək istərdik ki, Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinin nümayəndələrini təmaslara və dialoqa da dəvət etmişdir ki, reinteqrasiya ilə əlaqədar bütün məsələlər müzakirə olunsun. Ona görə də bir daha diplomatik korpusun nümayəndələrinə təşəkkür edirik ki, onlar bu hadisələri öz gözləri görürlər və onlar eyni zamanda bu faktları öz ölkələrinin aidiyyəti orqanlarına çatdıracaqlar. Bu ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”.

    Dünən Rusiya sülhməramlıları ilə Azərbaycan tərəfi arasında təmaslar aparılıb. Bu yüklərin Rusiya sülhməramlılarının yük maşınlarına daşınaraq onların vasitəsilə aparılması məsələsi də müzakirə mövzusu olub.

    Bunu da Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

    “Amma dünən KİV-lərdə gedən məlumatlar və sosial media şəbəkələrində yayılan videolar da göstərdi ki, bəzi təşkil olunmuş aksiyalar vasitəsilə buna da mane olmağa cəhd göstərirlər. Bu yüklərin bura çatdırılması bir daha Azərbaycanın niyyətinin göstəricisidir. Amma yüklərin qəbul edilməməsi və bundan imtina edilməsinə görə də məsuliyyət tam şəkildə qondarma rejimin üzərinə düşür və bu eyni zamanda Ermənistan tərəfinin üzərinə düşür ki, onlar da bu manipulyativ prosesdə öz müəyyən funksiyalarını, rollarını oynamaqda davam edirlər, - o deyib.

    Prezidentin köməkçisinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin nümayəndələri də, Azərbaycanda akreditasiya olunmuş diplomatik korpus nümayəndələri də öz gözləri ilə bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır

    “Təəssüflər olsun ki, bəzi Qərb medialarında da yalan faktlar verilir, mövcud vəziyyətə başqa bir don geyindirmək cəhdləri də edilir. Bu prosesdə bəzi korrupsioner Qərb siyasətçiləri öz rollarını oynamaqdadırlar və onlar tərəfindən separatizmə dəstək verilməsi, separatistlərin də yaxşı və pis separatistlərə bölünməsi tendensiyalarını da biz görürük ki, bunlar qəbuledilməzdir”, - Hikmət Hacıyev əlavə edib.