İrandakı səfirliyimizə silahlı hücum edilib VİDEO
Hadisə nəticəsində ölən və yaralananlar var
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə bu gün səhər saat 08.30 radələrində baş verib. İnsident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub.
Məlumata görə, o, silahlı hücuma məruz qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində daha 2 nəfər yaralanıb.
Hücum edən şəxsin saxlanıldığı deyilir. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır.
***
İran paytaxtının polis rəisi, briqada generalı Rəhimi cümə günü səhər saatlarında səfirliyin əməkdaşlarından biri səfirliyə daxil olarkən Azərbaycan səfirliyinə silahla daxil olan şəxsin tutulduğunu açıqlayıb.
"Bu şəxs bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Onun hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb", - Rəhimi İran mətbuatına istinadən xəbər verir.
“Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib”.
Hücumçunun iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən Tehran polis rəisi “İlkin araşdırmalar göstərir ki, hücumçunun motivi şəxsi və ailə problemləri olub" - deyə bildirib.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrandakı səfirliyimizə hücumla bağlı açıqlama yayıb. XİN-dən bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Rəsmi məlumatda qeyd olunub ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hazırda xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Allah şəhidimizə rəhmət eləsin!
***
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi ən qısa zamanda Vətənə gətiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.