Münaqişə ilə bağlı Azərbaycanda 3800-dən çox itkin var
BQXK-nın Bakı ofisinin rəsmi məlumatında belə deyilir
"30 avqust dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur. Biz, itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və əzizlərini
onlarla birlikdə yad edirik.
Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3,800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır. On illər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz, səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik.
Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11,000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (bundan sonra Dövlət Komissiyası) təhvil vermişik. 2008-2012-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük. Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianəetməklə dəstək göstərmişik.
“Mən bizim ailənin həyatda olan son üzvüyəm. Bu dünyadan köçmədən öncə qardaşımın taleyini bilmək istəyirəm”, itkin düşmüş şəxsin bacısı Maisə Cavadova deyir. İtkin ailələrinə psixososial dəstəyin göstərilməsi üçün də bu günə qədər müxtəlif layihələr
həyata keçirmişik. Bu layihələrdən biri də onların arasında seçilmiş və müvafiq təlimlərə əclb edilmiş sirdaşlar şəbəkəsinin formalaşdırılması olub. Seçilmiş sirdaşlar, onlarla bir taleyi paylaşan itkin ailələrinə psixososial dəstək göstərmək üçün lazımi bilik və bacarıqlara yiyələniblər.
BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir".