XƏBƏRLƏR / Təbiət

Myanmada ölənlərin sayı 1002 nəfərə çatıb YENİLƏNİR

Martın 28-də Myanmada 6,9 və 7,7bal gücündə dalbadal iki zəlzələ baş verib

Myanmada ölənlərin sayı 1002 nəfərə çatıb YENİLƏNİR
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 18:30

    Myanma və Tailandda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü ötüb. Myanma hərbi hökuməti xilasedicilərin dağılmış binaların dağıntılarını qazaraq sağ qalanları axtararkən bildirib.

    Hərbi hökumətdən verilən açıqlamada 7,7 bal gücündə zəlzələdən sonra ən azı 139 nəfərin hələ də itkin düşdüyü, 1644 nəfərin öldüyü və 3400-dən çox yaralının olduğu təsdiqlənib.

    ***

    09:19

    Myanmada zəlzələ nəticəsində ölənlərin rəsmi sayı 1002-ə yüksəlib.

    2376 nəfər yaralanıb, 30 nəfər itkin düşüb.

    Bu barədə BBC xəbər yayıb.

    ***

    08:50

    Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

    Bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

    ***

    28.03.2025-ci il

    16:25

    Myanmanın mərkəzi hissəsində yerləşən Taunqu şəhərində məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 20 uşaqdan beşi həlak olub.

    Bu barədə TASS məlumat yayıb.

    Digər uşaqların axtarışı davam etdirilir.

    ***

    14:36

    Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda 20 nəfər həlak olub.

    Yerli KİV xəbər verir ki, bu barədə ölkənin ikinci ən böyük şəhəri olan Mandalay xəstəxanasından bildirilib.

    Bundan başqa, Myanma hakimiyyəti çoxlu sayda ölən və yaralıların olması ilə əlaqədar təcili qan toplandığını elan edib.

    ***

    13:16

    Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 16 nəfər həlak olub.

    Bu barədə yerli “Khit Thit” nəşri məlumat yayıb.

    Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.

    ***

    12:54

    Tailandın paytaxtı Banqkokda tikilməkdə olan 30 mərtəbəli bina uçub, nəticədə bir nəfər həlak olub və daha 43 nəfər itkin düşüb.

    Bu barədə “Xinhua” agentliyi xəbər verib.

    ***

    12:40

    Zəlzələ qonşu Tailandda da hiss edilib və yüzlərlə insan Banqkokda binalarını tərk edərək çölə çıxmağa məcbur olub.

    "Əl-Cəzirə" televiziyası xəbər verir ki, şahidlərin dediyinə görə, yeraltı təkanlar o qədər güclü olub ki, su hovuzlardan sıçrayıb. Hadisə şahidləri zəlzələdən sonra çökən tikilməkdə olan hündürmərtəbəli binanın görüntülərini də yayımlayırlar.

    Şəhərdə çoxmərtəbəli binaların boşaldılması elan edilib.

    Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub, ABŞ Geoloji Xidməti bildirib.

    ***

    12:08

    Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

    Bu barədə TASS xəbər verib.


    ***

    11:54


    Banqkokda zəlzələ ilə əlaqədar çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb.

    Bu barədə "Reuters" məlumat yayıb.

    VİDEO

    Zəlzələ yerli vaxtla saat 13:20-də başlayıb. Təkanlar təxminən 10 dəqiqə davam edib.

    "Khaosod” qəzetinin məlumatına görə, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.

    ***

    11:08

    Myanmada 6,9 və 7,7bal gücündə dalbadal 2 zəlzələ baş verib.

    Bu barədə Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.

    Qeyd edilib ki, zəlzələrin ocağı 10 və 16 km dərinlikdə olub.