NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
Alyansın digər iki hərbi-dəniz bazası Əndəlüs və Murcia vilayətlərində yerləşir
İspaniyanın Menorka adasında yerləşən Maon şəhərindəki hərbi-dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib.
İspaniyanın “El Pais” qəzeti bu barədə hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi” əməliyyatında iştirak edən müttəfiq gəmilərinin lövbər sala bilməsi üçün Maon limanındakı bazanı “daimi diplomatik icazəsi olan liman” kimi NATO-ya təklif edib. Belə ki, həmin baza NATO-nun maddi-texniki dəstək məntəqəsi üçün uyğun xüsusiyyətlərə malikdir.
Alyansın digər iki hərbi-dəniz bazası isə Əndəlüs və Murcia vilayətlərində yerləşir.
NATO-nun 2016-cı ildə başlayan ”Dəniz gözətçisi” əməliyyatının əsas məqsədi Aralıq dənizində hərəkət azadlığını təmin etmək və müxtəlif təhlükələrin qarşısını almaqdır.