NATO Ukraynanı sadələşdirilmiş qaydada sıralarına qəbul edir
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib
NATO üzvləri Ukraynanın Alyansa sadələşdirilmiş qaydada - Üzvlük üzrə Fəaliyyət Planı (MAP) həyata keçirilmədən qəbul edilməsinə razılıq veriblər. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, rəsmi qəbul olunma vaxtı barədə heç nə deməyib.
“Gərgin danışıqlardan sonra NATO müttəfiqləri MAP-ı Ukraynanın üzvlük yolundan çıxarmaq üçün konsensusa nail olublar. NATO-ya gedən yolumuzu qısaldan bu çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Ukraynanın üzv olmağa dəvət məsələsinə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır”, - Kuleba yazıb.
Öz növbəsində, Kreml Ukraynanın NATO-ya üzvlüyünün Avropanın “yarıdağılmış təhlükəsizlik sistemi” üçün çox mənfi nəticələri olacağını bildirib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da vurğulayıb ki, Rusiyanın buna “sərt reaksiya”ya ehtiyacı olacaq, çünki Ukrayna NATO üzvü kimi ölkə üçün “təhdid”ə çevriləcək.