Naxçıvan Penitensiar Xidmətinin rəisi həbs edilib
Məmur külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmədə günahlandırılır
Naxçıvan Muxtar Respublikası (MR) ədliyyə nazirinin müavini, rayon Penitensiar Xidmətinin rəisi Tofiq Həsənov həbs edilib. Yanvarın 27-də Bakının Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Turana verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub.
Ədliyyə general-mayoru hərbi rütbəsi olan Tofiq Həsənovu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Yerli KİV-in məlumatına görə, Ə.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində araşdırılan iş üzrə həbs edilib.
Bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti artıq Naxçıvanda üç yüksək vəzifəli məmuru həbs etmişdi. Bundan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib və onun biznes strukturlarında yoxlamalar başlayıb.
Rayonda bütün səlahiyyətlər Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunmuş Fuad Nəcəfliyə verilib.