XƏBƏRLƏR / İctimaiyyət

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub YENİLƏNİB

Bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi xəbər verir

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:37

    Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

    Yeddi nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. 

    Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

    Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

     Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

    ***

    13:41

    Mayın 21-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qida zəhərlənməsi halı qeydə alınıb.

    Bu sözləri Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) əməkdaşı Mirfərid Seyidov bildirib.

    O qeyd edib ki, agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək NQTA-nın laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.