Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, baxış zamanı avtomobillərin texniki vəziyyəti, hərəkət təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.
Avtomobil texnikalarında qovşaq və mexanizmlərin sazlığı, yeriyən hissələrin həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.
Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxışın sonunda mükafatlandırılıb.
Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və bilik tələb edir.
Azərbaycan Ordusunun birləşmə və hissələri arasında keçirilən texniki baxışlar şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və texniki hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində mühüm rol oynayır.