Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi
Rafael Əliyev “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.
NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.