Neft-qaz sektoruna qoyulmuş xarici investisiyaların dəyəri
Energetika naziri Pərviz Şahbazov açıqlayır

Bu günə qədər Azərbaycanın neft-qaz sektoruna təxminən 144 milyard ABŞ dolları xarici investisiya cəlb edilib.
Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
"Azərbaycan regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq edən, eləcə də Xəzərdən Aralıq dənizi, Qara dəniz və Adriatik dənizinə enerji dəhlizləri yaradan ilk ölkə olub", - deyə nazir qeyd edib.
O əlavə edib ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu vahid geosiyasi məkana çevrilir: "Xüsusilə Prezident İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən uzaqgörən siyasəti Zəngəzur dəhlizinin reallaşdırılması sayəsində Orta Dəhlizin əhəmiyyətini artırır və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı möhkəmləndirərək bu prosesdə həlledici rol oynayır. Tarixi qardaşlıq əlaqələrimiz, strateji tərəfdaşlığımız və şərqlə qərbi, şimalla cənubu birləşdirən mühüm geostrateji mövqeyimizlə yanaşı, ölkələrimizi birləşdirən daha bir güclü amil də energetikadır".