Tarixçi-professor Nəsiman Yaqublu dəfn edilib.
Mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində torpağa tapşırılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.
Nəsiman Yaqublu cümhuriyyət tariximizin, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqi yolunda əvəzsiz işlər görüb.
Xatırladaq ki, Nəsiman Yaqublu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd idi.
O, avqustun 25-də “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. Zəngilandan seçicilərlə görüşdən qayıdırkən qəzaya düşən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Nəsiman Yaqublunun həyatını xilas etmək mümkün olmayıb.