Nəsimi Ağayev Berlində Paşinyanı erməni dilində salamladı
Azərbaycanın Almaniyadakı səfiri Ermənistanın Baş nazirinə "Almaniyaya xoş gəlmisiniz", - deyə müraciət edib VİDEO / YENİLƏNİB
16:01
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb.
Bu barədə səfir sosial media hesabında paylaşım edib.
Diplomat bildirib ki, dünən Berlində DGAP təşkilatında Ermənistan Baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatılıb:
"Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım. Həmçinin, Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə TRIPP marşrutunun açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdim. Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım".
N.Ağayev daha sonra sülhün rəmzi və təzahürü olaraq Ermənistan Baş nazirini ermənicə salamlamasından söz açıb:
"Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlmələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlmələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir. Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək".
***
12:27
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində keçirilən Almaniya Xarici Əlaqələr Şurasında keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
VİDEO
"Almaniyaya xoş gəlmisiniz", - deyə Azərbaycan diplomatı bildirib.
"Bu, münasibətlərimizdə ən sabit və dinc dövrdür və biz sizinlə buna nail olduq. Uşaqlarımızın və nəvələrimizin bu ağrılı və uzun sürən münaqişəni miras almamasını təmin etdik. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub", - deyə səfir bildirib.
Səfir Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Buraya Naxçıvana maneəsiz girişi təmin edəcək TRIPP də daxildir. Ağayev həmçinin son maneəni - Ermənistan Konstitusiyasına edilən dəyişikliyi də qeyd edib.
"Ümid edirik ki, bu da həll olunacaq və biz rəsmi olaraq sülh müqaviləsini imzalaya biləcəyik", - deyə Ağayev qeyd edib.
"Səmimi qarşılanmaya görə minnətdaram", - deyə Nikol Paşinyan Azərbaycan səfirinə cavab verib.
3 dəqiqə