BLOQ

Nizami mövzunu açıb, Xaqani qapayıb

İndiki Qarabağ xarabalıqlarını ulu Nizami hələ XII əsrdə öncədən görüb sanki...

Nizami mövzunu açıb, Xaqani qapayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • "Zəngəzur dəhlizi"nin, bu Turan yolunun, -diqqət, diqqət, - tarixdəki ulu babası indiki Dərbənd qalasıdır.

    Sasani hökmdarı Nuşirəvan 530-cu ildə bu qalanı inşa etdi. Turan yolunu, öz aləmində, guya birdəfəlik qapadı.

    Musa Kalanqatlının məşhur "Alban tarixi"ndə bu tikintinin ağır yükü, tikintisi, xalqa dəyən ziyanı gözəl təsvir edilsə də... Bəli, gözəl təsvir edilsə də, mövzunun tam acı mənzərəsi, bədii həlli bu əsərdə yox... Dahi Nizaminin ölməz "Nuşirəvan və bayquşların söhbəti" hekayətindədir.

    Əsəri bir də, bu dəfə bədii qiraət nümunəsi kimi yox...müasir Güney Qafqaz coğrafiyasının acı siyasi, iqtisadi mənzərəsi kimi dinləyin.

    Nuşirəvanın müasir davamçıları - Koçaryanlar, Sarkisyanlar, üstəgəl, Abdullahiyan, Cavad Zərif kimi "aryanaçılar"ı bu qapını, növbəti dəfə elə yaşadığımız zaman kəsiyində qapadılar. Nəticədə Güney Qafqaz coğrafiyası yenidən iqtisadi tənəzzülə uğradı. Bayquş yuvasına döndü.

    İndiki Qarabağ xarabalıqlarını, bəli, ulu Nizamimiz hələ XII əsrdə öncədən görüb sanki. Müasir dövrümüzlə tam səsləşən, bax, bu "Nuşirəvan və bayquşlar" əsərini yazıb. Günümüzə mesaj göndərib sanki.

    P. S. Bu antituran məzmunlu Dərbənd qalası, qapısının ömrü qısa olur, biləsiniz.

    Eramızın 626-cı ildə ulu babalarımız xəzərlər uzun mühasirədən, müharibədən sonra qalanı fəth edib, Turan qapısını nəhayət ki, açırlar. Altı ildən sonra Peyğəmbərimizin əshabları Cənubdan növbəti zərbə ilə Nuşirəvanın Sasani dövlətini, yallah deyib də, cəhənnəmə, tarixə qovuşdururlar. Qafqaz xarabalıqlarını Mədain xarabalıqları ilə əvəzləyirlər. Mədain isə, bilin, o vaxtkı Sasani xənadanının parlaq paytaxtı idi. Bir anda döndü tarixin növbəti xarabasına. Həmin bu xarabalıqların vəsfini də, növbəti Azərbaycan şairi Xaqani Şirvani öz boynuna götürür. Ölməz "Mədain xarabalıqları" əsəri ilə böyük bir tarixi dövrə, mövzuya nöqtə qoyur.

    Bax, budur, Xaqani ilə Nizaminin birgə əməyi... Ölməz qələmi. Azərbaycanın qüdrəti.

    Hər iki şairimizin ruhu qarşısında burada baş əyir, müasir Nuşirəvanlara bu şairlərdən dərs götürməyi tövsiyə edirəm.

    Əsəri bir də, bir başqa qulağınızla dinləyin.

    Qoy bölgəmizdə, Qarabağımızda bir daha bayquşlar ulamasın.