
I. GİRİŞ
Müharibə yenidən elan edilmədi. Sadəcə, başladı.
22 iyun 1941-ci ildə alman qoşunları səhər saatlarında Sovet sərhədini keçdi – müharibə elan olunmamışdı. Tarix dərsliklərinə düşən o məşhur replikada deyilirdi ki, “Bu gün gecə saaat 4-də alman ordusu müharibə elan etmədən Sovet ölkləsinə hücum edərək təyyarələri ilə şəhərlərimizi bombaladılar…”. Amma arxivlər sonra göstərdi – bu hücuma hazırlıq illərlə gedirmiş.
İndi isə 2025-ci ildir. Deyirlər, dünya inkişaf edib. Süni intellekt artıq roman yazır, maşınlar özlərini sürür, BMT-də islahat planları müzakirə olunur. Və... qırğınlar yenə də “müharibə elan olunmadan” başlayır. Sadəcə raketlər havaya qalxır, rəsmi bəyanat isə bir neçə saat sonra gəlir, özü də şərti olaraq: “Bizim hücumumuzun məqsədi özümüzü müdafiə etmək idi…”.
Bu dəfə “təqsirkar” İrandır. Səbəb isə XX əsr üçün dəyişməzdir – nüvə təhlükəsi. İsrail deyir ki, İran artıq nüvə bombasının istehsalına bir addımlıq məsafədədir. Və bu “addımı” gözləmək ölümcül ola bilər.
Əlbəttə, bu cür “faktlar” bizə yad deyil. 2003-cü ildə ABŞ və Böyük Britaniya da eyni sözləri deyirdilər – bu dəfə İraq haqqında. “Orada kütləvi qırğın silahları var! Səddam Hüseyn təhlükədir! Rejim millətə zülm verir! Dünyanı xilas etməliyik!”. Və sonra – Bağdad dağıldı, Səddam Hüseyn edam edildi, İraq parçalandı. Və nə oldu? Heç bir silah tapılmadı. Tapılan yalnız sarsılmış bir millət, ölmüş, ümid dolu küçələr və “qara qızıl”ı idarə edən xarici neft şirkətləri oldu.
İndi isə tarix yenidən səhnədədir. Köhnə ssenari, eyni rollar, aktyorlar azacıq dəyişib, amma işıqçı, yəni “Super Trouper” dəyişilməz olaraq qalır: “Gözə-göz, Zora-zor və “Sülh” yaratmaq üçün Müharibə!”.
Sözsüz ki, bu essedə mən İran hökuməti deyəndə qarşımızda daim İsrail hökumətini hədələyən, onu ən nalayiq teoloji ifadələrlə alçaldan və “yaxın zamanlarda onu yer üzündən silməyə” hazırlaşan bir establişment dayanır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, İranın bu şifahi hədələri müxtəlif dönəm və vasitələrlə həyatda özlərinin praktiki tətbiqini də tapıblar. Bu həm birbaşa İrandan və ya vasitəçilər tərəfindən hərbi hüçumlarla müşaidə etmək olurdu. Bu kimi hallar İsrail tərəfindən də həyata keçirilir və bu cür uzun sürən hökumətlərarası nifrətdən başqa məqsədlər də güdərək artıq bu gün qurduqları pusqudan çıxdılar. Diqqət yetirirsinizsə, mən “hökumət” yazıram, Xalq deyil, amma bu nifrət nəticəsində günahkar xalqlar əzab çəkir, qırılır, məhv olur…
Amma bu dəfə bomba təkcə bir ölkəni yox, bütün regionu, hətta Azərbaycanı da silkələyə bilər. Çünki bu bombalar sadəcə partlamır – onlar nüvə obyektlərini partladaraq radiaktkiv tozu qaldırıb bizim də başımıza kül qoyacaq.
Odur ki, bu essedə mən məsələni təkcə “kim kimi vurdu” səviyyəsində yox, “niyə və nə üçün” sualları ilə təhlil etməliyəm. Çünki bu savaşın rəsmi bəyanatlarda göstərilən səbəbləri ilə əsl səbəblər arasında o qədər fərq var ki, insanın özünə sual verməyi gəlir:
Bəlkə müharibələr artıq həqiqət üçün yox, xəbər başlıqları üçün edilir?
II. NÜVƏ BƏHANƏSİ VƏ 2003-CÜ İLİN KÖLGƏSİ
Karl Marks demişdi: “Tarix iki dəfə yaranır: əvvəl faciə, sonra isə komediya kimi”. İnqilabi sosialist və siyasi nəzəriyyəçi Marks bunu Hegelin əsərinə cavab olaraq yazmışdı və bu onların Avropadaxili “razborkalarına” aid olan misaldır. O ki qaldı Yaxın Şərqə, bu qayda dəyişir – tarix burada hər dəfə faciə kimi təkrar olunur.
İsrailin rəsmi mövqeyi sadədir: “Bizə təhlükə var. Bomba düzəldirlər. Bizi qıracaqlar. Biz ona imkan verə bilmərik”. Tanış səslənir? Əlbəttə. 2003-cü ildə də eyni ssenarini eşitmişdik. Sadəcə, o vaxt bunu deyənlər Netanyahudan bir az daha səliqəli kostyum geyinmişdilər – qara kostyum, qara qalstuk və əllərində anlaşılmayan bir maddə. Bilmirdik bu radioaktiv maddədir, kimyəvi reaktivdir və ya nənəmin hər il hazırladığı bəhməzdir…
Xatırlayırsınız, İraqı nədə günahlandırırdılar?
- Kütləvi qırğın silahları ilə dolu anbarlar haqqında bəyanatlar;
- Kimyəvi silahlar istehsal edən fabriklər haqqında xəritələr;
- Və nəhayət: kameralar qarşısında “humanitar fəlakət və millətin edamı”.
İraq “azad” olandan sonra nə oldu? Səddam Hüseyn edam edildi, Bağdadın küçələri tank izlərinə qarışdı, milyonlarla insan didərgin düşdü. Və... bir dənə də olsun nüvə bombası tapılmadı.
Tapılanlar başqa şeylər oldu:
- Strateji və geosiyasi nöqteyi-nəzərdən əlverişli ərazi;
- Yeni, nəzarət olunan çoxmilyonluq bazar və ac əhali;
- Gündəlik gəlir gətirən neft quyuları.
Və budur – bu gün İran həmin yolun və eyni hədəfin yolçusudur – logistika, nəzarət, enerji.
Amma bu gün İsrailin arqumentində iki ciddi çat var – biri etik, digəri isə geosiyasi.
- Etik çat: İranın nüvə proqramı bu günə qədər bircə dəfə də beynəlxalq yoxlamadan qaçmayıb. “Əgər nüvə proqramı silahlanmaya çevrilibsə, sübut haradadır?” – BMT-də bu sualı soruşan tək-tük diplomatlar var, amma onların səsi "CNN"in reportajlarından qat-qat zəif çıxır.
Axı Tulsi Qabbart, ABŞ-ın Milli Kəşfiyyat rəisi hələ 25 mart 2025-ci ildə, cəmi iki ay bundan əvvəl, rəsmi and altında hesabat verərkən demişdi ki, “Kəşfiyyat Birliyi hələ də hesab edir ki, İran nüvə silahı hazırlamır və ölkənin ali rəhbəri Ayətullah Xamenei 2003-cü ildə təxirə saldığı nüvə proqramına yenidən sanksiyalar verməyib”.
Axı əvvəlcədən razılaşdırılmış plana əsasən, 15 İyun 2025-ci il tarixdə (yəni İsrailin hücumundan iki gün sonra-müəllif) Omanda İranın nüvə proqramı çərçivəsində ABŞ Prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçinin görüşü olmalı idi. Adı çəkilən bu hadisələrin heç biri təcili bombardmanı nəzərdə tutmurdu.
Bu çat doğrudan da tələm-tələsiklik sürəti ilə İrana hücumla nəticələndi, özü də bu danışıqlarda tamamilə iştirak etməyən İsrail tərəfindən?!
Belə çıxır ki, məsələ bombada deyil. Bomba bəhanədir. Düşünürəm siyasəti futbolla müqayisə etsək, Netanyahunun sevimli taktikası budur: “Top rəqibdədirsə – meydanı yandır”.
- Geosiyasi çat:
İran, sadəcə, nüvə silahına görə yox, yerinə görə də hədəfdədir.
İraq dağılandan sonra İran ABŞ və İsrail üçün boşluğun ortasında kol kimi qaldı.
Rusiya ilə Ukrayna arasında müharibəyə görə şimal logistik koridorları bağlandı – indi Çindən Qərbə gedən tək yol İran üzərindən keçir. Əgər İran “düşərsə”, Çin təcrid olunur, Rusiya əhatəyə alınır, Avropa isə yenidən ABŞ-ın logistik asılılığına qayıdır.
Yəni, dostum, bu müharibə kol üçün yox, yol üçün edilir. O yol isə nə Tiflisdən keçir, nə Zəngəzurdan. O yol Tehrandan keçir. Və onun altında neft və qaz var.
III. BÖYÜK OYUN: İRAN NİYƏ HƏDƏFDƏDİR?
“Əgər haradasa yol çəkilirsə və həmin yol sizin torpağınızdan keçmirsə, çox rahat olun. Amma əgər keçirsə, dua edin ki, bu yolda neft və ya qaz tapılmasın”.
Siyasətdə sual verəndə cavablar deyil, marşrutlar dəyişir. İndi dünyada bir sual var: “Çinlə Avropa arasında nəqliyyat necə bərpa olunacaq?”. Rusiya-Ukrayna müharibəsi Şimal yolunu bağladı. Qazaxıstan, Qırğızıstan üzərindən keçən Mərkəzi Asiya dəhlizi isə Kreml tərəfindən qırmızı xətlə cızılıb: “Bağlıdır!”. Yerdə kim qalır? İran.
İran bütün Yaxın Şərqdə Şərq-Qərb bağlantısının son möhkəm dirəyidir. Həm də bu dirəyin içi qaz və neftlə doludur. Belə olanda, siyasətin qanunları dəyişir: “Əgər sənin yolunun üstündə duran varsa, o, sənin problemin deyil. O, sənin hədəfindir”.
Bu səbəbdən İran artıq sadəcə İran deyil – geosiyasətin boğaz nöqtəsi, yağın şərqin və bütün dünyanın rəsmi terroristi, Qərbin kabusu, Çinin nəfəs borusu, Rusiyanın təcridə qarşı son ümididir. Amma burada daha incə bir məsələ var. Yaxşı xatırlayıram, SSRİ dağılanda Azərbaycan daxil olmaqla hələ qan görməmiş “bakirə” Sоvet Respublikalarına xaricdən rəngli “azadlıq” importu təşkil olunurdu. Sonra Səddam, Qəddafi, Əsəd ssenariləri də uğurla oynanıldı və təcrübə şaxələndi. Bundan sonra Misir “Facebook” inqilabı… İndi isə “İran xalqı üçün azadlıq” adlı tamaşa hazırlanır. Tamaşanın səhnəarxası isə belədir:
- Yeni “islahatçı” kukla hökumət;
- Qərb investorları üçün açıq neft və qaz infrastrukturu;
- ABŞ, Britaniya, Fransa və s.-in bölgədə daimi hərbi mövcudluğu;
- Və nəhayət: Çinə və Rusiyaya tıxanmış qapı.
Əgər İran zəifləsə və bu plan işləsə, növbəti dayanacaq Əfqanıstandır. Və bu da Çin sərhədinə qədər tam nəzarətli koridor deməkdir.
Amma İran başqa dövlətlərə bənzəmir. Bu ölkə əsrlərlə hökm sürmüş bir siyasi və mədəni irs daşıyıcısıdır. Onun zəifləməsi rəhbərlərin ləğvi ilə deyil, qeyri-müəyyən partlayışlarla baş verəcək. Və həmin partlayışın əks-sədası Təbrizə, Ürmiyaya, Zəngilana, Gəncəyə, Bakıya qədər çata bilər.
Yəni, bu dəfə hərbi əməliyyatlardan teatrın finalında oynayan yalnız baş roldakı aktyor yox, zaldakı tamaşaçılar da xəsarət ala bilər.
IV. RADİASİYA TƏHLÜKƏSİ VƏ AZƏRBAYCANIN TALEYİ
Nüvə bombası partlayanda təkcə ölkələr yox, həqiqət də külə dönür. Və sonra o kül, külək hara əsirsə, ora düşür.
Bəzi adamlar İranın bombalanmasına sevinir: “Facebook”da bayram əhvalı, “tvit”lərdə "gecikmiş ədalət" sözləri, “Telegram” kanallarında "Zəngəzura yol açıldı!" qışqırıqları. Mən isə baxıram bu mənzərəyə və fikirləşirəm: bəlkə bu adamlar coğrafiya dərsindən sonra fizika dərsinə girməyiblər? Çünki nüvə zavodu vurulanda partlayan təkcə bina deyil. Partlayan – gələcəkdir.
İranın Natanz, Fordo və Arak obyektləri sadəcə zavod deyil, radiasiya anbarlarıdır. Burada uran-235 zənginləşdirilir. Hər şey qaydasındadırsa, bu texnologiya enerji üçündür. Amma zavod bombalanırsa, havaya milyonlarla beqerel radioaktiv hissəcik qalxır. Və sonra… külək eləyir fələk.
Meteoroloji modellərə görə:
- İranın mərkəzindən havaya qalxan radiasiya buludu yaz və yay aylarında şimal-şərq küləkləri ilə Xəzər istiqamətinə yönəlir.
- Yəni, Təbriz → Ərdəbil → Gəncə → Yevlax → Bakı oxu üzrə 48–72 saat ərzində radiasiya izi çata bilər.
- Radiasiyanın növündən asılı olaraq (alfa, beta, qamma) torpaq, su və hava ilə illərlə qalıcı zəhərlənmə baş verə bilər.
Tarixdən bir-iki nümunə:
- Çernobıl AES-də 1986-ci il partlayışından sonra radiasiya doqquz ölkəyə yayıldı, o cümlədən 2000 km məsafədə yerləşən Skandinaviya yarımadasına da çatdı. Həmin ərazidə bu gün də vəhşi göbələkləri yemək qadağandır.
- Fukuşima AES 2011 – okeana yayılan radiasiya 10 il sonra Sakit okeanda canlı balıqların mutasiyasına səbəb oldu.
- İndi isə düşünün: Xəzər dənizinə yayılan radiasiya Azərbaycanın su ehtiyatlarına qarışsa, nə baş verər? Bakı isə Təbrizdən cəmi 500 km, Natanzdan isə 1000 km-dən az olan məsafədə yerləşir…
“İranın vurulmasına sevinən bədbəxtlər sabah öz övladlarının saçının tökülməsinə, bədənindəki qəribə ləkələrə baxıb səbəbini tapmağa çalışacaqlar. Həmin səbəb bu gün yazdıqları ❤️???? emojisinin içində gizlənib”.
Daha da təhlükəlisi: Əgər bu radiasiya yayılarsa, nüvə silahı rəsmi olaraq istifadə olunmasa belə, onun təsiri artıq gerçək olmuş sayılır. Bu isə beynəlxalq hüquqda “nüvə hadisəsi” kimi qeyd olunur və Azərbaycan, onun ixracı və istehsalatı dünya tərəfindən qadağa ilə qarşılana bilər. Odur ki, bu gün nə hüquq, nə də gələcək artıq təhlükəsizlik içindədir.
V. BEYNƏLXALQ HÜQUQ VƏ CİNAYƏT MƏSULİYYƏTİ
“Əvvəlcə evini bombalayırlar. Sonra gəlib deyirlər: 'Sən hüququ pozmuşdun””.
Bu gün müharibə aparmaq da bir növ şadlıq evi kimidir – istədiyin adamları çağırırsan, istəmədiklərini qapıdan çevirirsən. BMT də çox vaxt bu toyun qapıçı rolunu oynayır – nə vaxtsa nəsə deyir, amma daha çox susur.
Bu dəfə isə susqunluq çoxsəslidir. Çünki İsrailin son zərbələri təkcə infrastruktur obyektlərini deyil, siyasi və hərbi şəxslərin ailələrini də hədəf aldı. Və bu, artıq müharibə yox, məhkəməsiz edamdır.
Bununla əlaqədar Cenevrə Konvensiyası nə deyir:
- IV Konvensiyanın 3-cü maddəsi: “Mülki şəxslərə qarşı zorakılıq, xüsusi ilə də ailələri ilə birlikdə hədəfə alınmaları qadağandır”.
- Mülki müdafiə obyektləri, məktəblər, xəstəxanalar və yaşayış evləri bombalanmamalıdır.
Bəs Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu vəziyyətdə nə edə bilər?
Teorik olaraq – çox şey. Praktik olaraq – heç nə.
Çünki ICC yalnız o ölkələrin vətəndaşlarını mühakimə edə bilər ki, onlar Roma Statutunu imzalamış olsunlar. ABŞ və İsrail – bu sənədi ya imzalamayıb, ya da təsdiqləməyib.
Amma İsrail və ya ABŞ İranın rəsmiləri barədə beynəlxalq məhkəmə qura bilərdi və onda qanunun aliliyi dünyada mənalı bir məhfum ola bilərdi. Axı Rusiya Prezidenti Vladimir Putin barədə məhkəmə quruldu və o, cinayətkar kimi qəbul olundu. Bu cür nümunəvi məhkəmələr, sübutlar, dəlillər, foto, video, şahidlərin məruzələri və s. kimi ittihamlar İran və ya digər ölkə rəsmiləri üzərində də qurula bilərdi və ən azı, beynəlxalq ictimaiyyət onların cinayətlərindən tam şəkildə agah olardı. Eyni zamanda “cinayətkarlar” özləri də xəbərdar olardılar ki, onlar hansı cinayət sahibidirlər. Əks halda kimsə özünü vətənpərvər hesab edir, amma digərləri onu cinayətkar kimi tanıyır… Bu məsələyə aid bir sıra atalar sözü var, amma uzatmaq istəmirəm. Ağlı olanlar başa düşürlər ki, hər bir insanın mühakimə olunmağa və eyni zamanda özünü müdafiə etmək hüququ var… Amma ölmüş adam artıq heç vaxt danışa bilməyəcək – kimsə onun yerinə danışacaq.
Düşünürəm ki, dünya yurispridensiyası və hüquq, və qanun, ümumiyyətlə, insan artıq cılızlaşıb. İkinci Dünya müharibəsinin sonunda bütün hərbi cinayətkarlar tutulan zaman rahatca güllələnə, məhv edilə bilərdirlər, amma beynalxalq qanuna hörmət, onun aliliyi buna imkan vermədi və nəticə olaraq Nürnberq prosesi baş verdi. Bu hərbi cinayətkarlar üzərində gedən məhkəmə prosesi bir və ya iki ölkə başçısına deyil, bütün dünyaya faşizmin iç üzünü göstərdi, yaxşı ilə pisin arasında ciddi fərqi nümayiş etdi və cəza öz sahibini tapdı. Rəhmətlik atam deyərdi (Allah bütün ölənlərimizə rəhmət eləsin-müəllif), kişilər 1941-45-də qurtardı… Təəssüf, amma yalnız indi onu anlamağa başlayıram.
Amma… keçmiş və ya gələcək çox uzaqdadır, dronlar və raketlər isə çox yaxın! Əgər bu hüquq bu gün kiməsə qarşı işləmir, demək, sabah o hüquq bizi də qorumayacaq.
VI. İRAN-İSRAİLİN GƏLƏCƏYİ VƏ AZƏRBAYCANIN BU GÜNÜ
“Küləyə qarşı və ya göyə tüpürənlər fizika qanunları nəticəsində özləri yaş qalacaqlar”.
İranla İsrail arasında artan gərginlik regionda yeni xəritələrin çəkilməsi xəyallarını da dirildib. Xüsusilə bəzi erməni və azərbaycanlı “şəhadətə hazır klaviatura döyüşçüləri” sosial mediada artıq Zəngəzur dəhlizini xəritədə rəngləməyə başlayıblar. Hələ kimsə vurulmayıb, amma “Bayraktar”lar artıq “instastory”lərdə uçur.
Bu ritorikanın içində bir təhlükə yatır – hərbi fürsətçiliyin fəlakətlə bitdiyi tarixi unudanlar.
Mən – bir çox hərbi münaqişələrdə olmuş reportyor kimi deyə bilərəm ki, bu cür ritorikalar əksər hallarda millətlərin başına torpaq deyil, daş yağdırıb.
- Bosniya-Herseqovina: bir neçə “etnik üstünlük” iddiası → 100 min ölü.
- Çeçenistan: müstəqillik çığırtıları → iki qanlı müharibə, minlərlə şəhid, yox olmuş kəndlər.
- Oş-Fərqanə: özbək və qırğız xalqları “öz tarixi torpaqlarına” sahib çıxmaq istədi → qonşular arasında nifrət toxumları və daimi barıt çəlləyi.
- Qarabağ: 1992-ci ildə Ermənistanın fürsət deyə təqdim olunan bir səhv qərarı millət üçün ciddi faciə ilə nəticələndi.
Əgər İsrail-İran müharibəsi genişlənərsə:
- Radiasiya riski artacaq (bunu yuxarıda izah etdim);
- İran daxilində xaos baş verərsə, Cənubi Azərbaycanda təxribatlar və ya məcburi köç axınları mümkündür;
- Bölgədə “təhlükəli dövlətlərə qarşı ittifaq” bəhanəsi ilə Azərbaycan sabah yeni bir ultimatumla qarşılaşa bilər: “Ya filan müddətdə filan şeyi qəbul et, ya da… dünyanın ən müasir silahları sənə tərəf dönə bilər”.
Bu daha gipoteza deyil – bu artıq regionumuzun sırf geosiyasi reallığıdır.
Əgər biz bu gün “İran zəifləsə, Zəngəzura yol açılar” xəyalına uyuruqsa, sabah eyni məntiq bizə qarşı işlədiləcək; eyni gediş, sadəcə, rənglər fərqli olacaq.
Əsl vətənpərvərlik odur ki, qonşunun evinin yanmağına deyil, öz damının su buraxmamasına dua edəsən. Biz o mərhələdəyik.
Azərbaycanın ən böyük uğuru regionda müstəqil, ağıllı və soyuqqanlı güc mərkəzinə çevrilməkdir. Bunu riskə atmaq təkcə Zəngəzuru deyil, Bakını da itirmək deməkdir.
VII. NƏTİCƏ VƏ ÇAĞIRIŞ
“Əgər bütün planet od içindədirsə, nəinki tərəf seçmək, hətta nəfəs almaq da siyasi aktdır”.
İran və İsrail savaşır, ABŞ və Rusiya şahmat oynayır, Çin səssizcə gözləyir. Və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin çiynində bir geosiyasi tüfəng var. Bəziləri üçün bu tüfəng hazırda doludur. Bəziləri üçün isə... vaxt məsələsidir.
Azərbaycan bu mənzərədə bir tamaşaçı deyil. O, səhnəyə çox yaxın oturub. Və səhnədə partlayan hər səhnə rekviziti bizim masamızda fincanı titrədir.
Odur ki, bu yazı - Ədalət zəngi deyil, təhlükənin xəbərdarlığıdır.
Bu essedə yazılanlar nə panika yaymaq üçündür, nə də hansısa tərəfi müdafiə etmək üçündür. Bu yazı öz xalqının gələcəyini düşünən bir adamın vicdan borcudur.
Və bu vicdan deyir: “İranın qaranlıq rejimini sevmək vacib deyil. Amma sabah onun külləri bizim başımıza töküləcəksə, sevinmək də gərəksizdir”.
“İsrailin təhlükəsizlik narahatlığı real ola bilər. Amma bu narahatlığı həll etmək üçün insanları gecə yataqlarında ailələri ilə birlikdə havaya sovurmaq insanlıq deyil”.
“Azərbaycanın maraqları realdır. Amma bu maraqları başqasının fəlakəti hesabına genişləndirmək – öz evinin altına minalar basdırmaqdır.
Odur ki, mən bu yazını belə bitirirəm:
"Əziz həmvətənlərim, bir ölkənin raketləri başqa ölkənin zəifliyinə dəyirsə, bu o demək deyil ki, biz güclüyük. Ola bilsin, sadəcə növbəmiz gəlməyib".
"Haqsızlığa susanlar sabah öz haqqı tapdananda söz tapa bilməyəcək".
"Böyük güclərin oyununda ağıllı xalq fiqur yox, şahmat taxtasının özüdür".