Oğuzda leysan yağıb, Qarasu çayı daşıb
Leysan yağışları rayon ərazisində də bir sıra fəsadlar törədib
Ötən axşam güclü leysan yağışları Oğuz rayonu ərazisində də bir sıra fəsadlar törədib.
Axşam saatlarında rayon ərazisinə güclü leysan yağıb. Əsasən rayonun Xalxal kəndi ərazisində axan Qarasu çayında daşqın əmələ gəlib.
Çayda suyun səviyyəsinin artması nəticəsində sel suları kənd ərazisini basıb və bir sıra fəsadlar törədib. Belə ki, kənd məktəbinə gedən körpünün bir hissəsi çöküb. Eyni zamanda, sel suları bir neçə ailənin həyətinə və tövləsinə dolub. Xalxal kəndinin daxili yollarına da ciddi ziyan dəyib. Bununla yanaşı, kəndin ərazisində bir neçə elektrik dirəyi də külək nəticəsində sıradan çıxıb.
Oğuz Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından bildirilib ki, aidiyyəti qurumların nümayəndələri ərazidədir. Qarasu çayında baş verən fəsadarın aradan qaldırılması, həmçinin kənd daxili problemlərin həlli istiqamətində iş aparılır.