“Oqtay bayram fişəngini partlada bilmədi...”
Xalq artisti Mehriban Zəki dəhşətli qəzadan sonra ilk müsahibəsini ANS Press-ə verib
Xatırladaq ki, martın 22-də Saray qəsəbəsinin yolunda baş vermiş avtoqəzada televiziya prodüseri, "SOY" prodakşnın rəhbəri Oqtay Əliyev dünyasını dəyişib, xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Oqtay Əliyevin həyat yoldaşı, aktrisa Dilarə Əliyeva yüngül xəsarət alıb.
Hələ də xəstəxanada müalicə alan aktrisa Mehriban Zəki ilə görüşüb bəzi suallarımızı cavablandırmağını xahiş etmişik.
- Oqtay Əliyevlə dostluğunuz nə vaxt başlayıb?
- Oqtay Əliyevlə dostluğumuz 2011-ci ilə təsadüf edib. O vaxt "İbrus" teatrında işləyirdim. Oqtay gəldi ora ki, serial çəkmək istəyirik, baş rolda da sizi fikirləşmişik. Ssenarini mənə danışdı. Dedi ki, kostyumlarını həll edirik, dükanlarla danışmışıq, maşın aparıb gətirəcək və s. Razılıq verdim. O da dedi ki, mən xoşbəxtəm! Beləliklə, onunla işləməyə başladıq. Nə demişdisə, hamısını elədi.
Amma mənimlə münasibəti rəsmi idi, "Mehriban xanım" deyə müraciət edirdi. Baxmayaraq ki, ailəvi dost idik. Mən onunla "siz"lə danışırdım, amma Oqtay deyirdim. Həyat yoldaşı Dilarə ilə münasibətim son dərəcə səmimi idi. Uşaqları mənə “Meriçka” deyə müraciət edirdilər. Düzdür, Oqtay arada qara-qışqırıq salırdı, deyingən idi. Dilarə mənə gileylənəndə, deyirdim ki, o, deyingənliyi ilə xoşbəxt olur, qoy eləsin.
- Oqtayın dünyasını dəyişdiyi o dəhşətli qəza gününü necə xatırlayırsınız?
- Ondan bir gün əvvəl də Oqtaygilin Saraydakı bağında Novruz bayramı keçirdik. Qohumlarını da yığmışdı, qudalarını da... Yedik-içdik, danışdıq-güldük. Məni evə gətirəndə dedi ki, fişəng almışdım, onu partlatmadıq. Sabah neyləyirsiniz? Dedim, heç nə, evdəyik. Fikirləşmişdim ki, həftəsonu – martın 25-26-sı “Xəzri”də dincəlim.
Nə isə... Oqtay dedi ki, sabah gedək çay içək. Razılaşdıq. Martın 22-də Delya zəng etdi ki, Oqtay yolüstü səni götürsün, sonra da məni ofisdən götürün. Oqtay gəlib məni evdən götürdü, girdi bizim dükandan şərab aldı, mənə də demişdilər ki, şərabaçan götür, mən də götürmüşdüm. Dedi otur qabaqda. Dedim Dilarə oturar, dedi nə fərqi var. Otur. Mən də oturdum qabaqda. Sonra getdik Dilarəni götürdük, gülə-gülə Dilarəyə dedim ki, keç arxaya.
- Kefi necə idi Oqtayın?
- Əla! Deyib-gülürdük. İnanırsan, yolda bəlkə də danışırdıq, hər şey yadımdan çıxıb...
- Hadisəni necə xatırlayırsınız?
Onu bilirəm ki, heç birimizin kəməri taxılı deyildi...
Mən telefonla oynayırdım, ani başımı qaldırdım ki, maşın asfalt yoldan çıxıb torpağa gedir. Qışqırdım: "Oqtay, Oqtay, Oqtay..."... Oqtaydan səs çıxmırdı. Yatmış olsaydı belə, səsimə oyanardı. Maşın düşdü yolun kənarındakı səngər kimi dərin çuxura, öz-özümə dedim ki, vəssalam, bitdi... Yalnız bunu fikirləşdim. Və... Montaj... Növbəti kadr – Delya qışqırır ki, Mehribaınn üzü qandır. "Oqtay" deyə-deyə ora qaçır, bura qaçır... Oqtay yerdə uzanmışdı, səs-sorağı çıxmırdı. Ayaqqabısının bir tayı maşının altında qalmışdı, maşın nə gündə idi... Heç nə anlamırdım...
- Oqtayı zərbə atıb çölə?
- Deyirlər ki, guya fövqəladə (FHN - red.) çxarıb. Mən inanmıram, çünki çıxarsaydılar, onu üzüqoylu qoymazdılar. Yəqin onu maşın yerə atmışdı...
- Qəza günü sosial şəbəkələrdə yazırdılar ki, Oqtay özünü pis hiss edirmiş, ürəyi ağrıyırmış
- Bir dəfə də eşitmədim desin ki, oram ağrıyır, buram ağrıyır. Qardaşı Elçin onu yardırdl... Nə qədər xəstəliyi çıxıb... Böyrəyində şiş var imiş. Deyirlər, onun ağrısına dözmək mümkün deyilmiş. Ürəyində heç nə olmayıb. Beynində nəsə var idi. Dəfələrlə QAİ saxlayırdı, bunu görən kimi deyirdi, gedin. Deyirdi ki, səhvimi deyin, bir də təkrarlamayım. Deyirdi ki, qırmızı işıqda keçmisən, deyirdi ola bilməz... Demək, o vaxtdan Oqtayın beynində nəsə baş verirdi. Təzyiqi də yüksək olurdu.
Sosial şəbəkələrdə ağızlarına gələni yazırdılar, guya Oqtayın ürəyi tutub, guya səhərdən özünü pis hiss edib, guya maşında ikimiz olmuşuq... Biri yazırdı ki, Mehriban Zəki necə xalq artisti imiş ki, mən onu tanımıram...
- Kim gəlib dəyib sizə?
- Fəxrəddin olmasaydı, məni travmatologiyaya aparacaqdılar. Qəza yerindən yaxın olduğuna görə mənimlə Dilarəni Sumqayıta apardılar. Orada dedim ki, mən burada qalmıram, evə gedirəm. Fərəh xanım (PA Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva - red.) deyib ki, evə getməsin. Sumqayıtda MRT yoxdur. Bizi göndərdilər Bakıdakı özəl xəstəxanalardan birinə.
Yetim uşaq atasını gözləyən kimi, mən də Fəxrəddin Manafovu gözləyirdim. O məni bu hospitala yerləşdirdi. ANS-in rəhbəri Vahid Mustafayev, mədəniyyət nazirinin müavini Murad müəllim gəlmişdi həmin gecə. İşlədiyim İncəsənət Universitetinin şöbə müdiri Bella xanım, həmçinin rəhmətlik Oqtayın qızı Aytən gəlmişdi...
- Yastığınız yüngül olsun! Çox sağ olun ki, ağır gününüz də olsa, bizə danışdınız.
- Siz sağ olun ki, çətin günümüzdə ANS yanımızdadır.