Orxan Əsgərovun nəşi tezliklə Vətənə gətiriləcək
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi ən qısa zamanda Vətənə gətiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Ayxan Hacızadə bildirib ki, diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür və gücləndirilir.
Hazırda bu xain hücum üzrə araşdırma gedir.